“Sabah”ın ABŞ-li basketbolçusu Maykl Ertel FIBA Çempionlar Liqasının A qrupunda “Nanter 92” ilə keçiriləcək ev oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Ertel rəqibin güclü və hazırda yaxşı formada olduğunu bildirib. Onun sözlərinə görə, “Nanter 92” heyətində “Sabah” üçün problem yarada biləcək dinamik oyunçular var, Fransa klubu müdafiədə də inamlı təsir bağışlayır.
Basketbolçu “Sabah”ın hələ ən yaxşı oyununu göstərmədiyini, lakin komandanın daha yaxşı çıxış edə biləcəyinə və turnirin növbəti mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacağına inandığını deyib. Ertel qarşıdakı matçı potensiallarını göstərmək üçün yaxşı fürsət adlandırıb. O, qrupun çətin olduğunu, amma bir neçə qələbənin növbəti mərhələyə vəsiqə uğrunda mübarizəni mümkün edəcəyini qeyd edib.
Çempionlar Liqasına hazırlıq dövründə “Sabah” ölkə çempionatında ilk məğlubiyyətini alıb. Bakı klubu bir neçə gün əvvəl “Naxçıvan”a 83:88 hesabı ilə uduzub. Ertel rəqibin yaxşı oyun göstərdiyini bildirib, “Sabah”ın müdafiədə çətinlik çəkdiyini və hücumda təşkilatlanmanın çatışmadığını deyib.
“Sabah” – “Nanter 92” oyunu bu gün Milli Gimnastika Arenasında saat 20:00-da başlayacaq. Bu, Bakı klubunun cari mövsümdə Çempionlar Liqasında üçüncü matçı olacaq. “Sabah” daha əvvəl Litvanın “Ritas” klubuna 73:82, Türkiyənin “Trabzonspor”una isə 83:100 hesabı ilə məğlub olub.
Üçüncü tur öncəsi A qrupuna dörd xalla “Trabzonspor” başçılıq edir. “Nanter 92” və “Ritas”ın hərəsinin üç xalı var, “Sabah” isə iki xalla sonuncu pillədədir. Qrupun qalibi birbaşa 1/8 finala yüksələcək, ikinci və üçüncü yerləri tutan komandalar pley-in mərhələsində oynayacaq. Dördüncü yeri tutan klub turnirdəki çıxışını başa vuracaq.