“Sabah”ın mərkəz basketbolçusu Nik Perkins FIBA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Trabzonspor”a 83:100 hesabı ilə uduzduqları oyunu dəyərləndirib. Bakı klubunun heyətində 25 xal toplayan amerikalı basketbolçu qarşılaşmanın ilk dəqiqələrinin komanda üçün uğursuz keçdiyini bildirib.
Perkinsin sözlərinə görə, matçın ilk yeddi-səkkiz dəqiqəsindəki çətinliklərdən sonra hesab fərqini azaltmaq asan olmayıb. O, “Trabzonspor”un qələbəyə layiq olduğunu deyib və növbəti oyunda daha yaxşı çıxış etməli olduqlarını vurğulayıb.
Basketbolçu ikinci və üçüncü periodlarda təşəbbüsü ələ almağa, oyunun gedişini dəyişməyə çalışdıqlarını qeyd edib. Lakin rəqibin artıq yaxşı ritm tutduğunu bildirən Perkins “Trabzonspor”un hücum potensialını və heyətindəki istedadlı oyunçuları xüsusi vurğulayıb.
Perkins komandanın məğlubiyyəti geridə qoyaraq səhvlərdən nəticə çıxarmalı olduğunu söyləyib. “Sabah” iki həftə sonra öz meydanında “Nanter”lə qarşılaşacaq.
“Sabah” A qrupunda ardıcıl ikinci məğlubiyyətini alıb. Bakı təmsilçisi ilk turda səfərdə Litvanın “Ritas” klubuna 73:82 hesabı ilə uduzub.