İordaniya dövlət televiziyası cümə günü kilsəyə edilən və ölümlə nəticələnən hücumla əlaqədar ictimai təhlükəsizlik qüvvələrinin üç nəfəri saxladığını bildirib. AnewZ-in məlumatına görə, hücum paytaxt Ammandan təxminən 120 kilometr cənub-qərbdə yerləşən Karak əyalətindəki Yunan pravoslav kilsəsində baş verib.
Silahlı şəxslər cümə günü dəfn mərasimi zamanı kilsəyə daxil olaraq bir neçə dəqiqə atəş açıblar. Hücum nəticəsində doqquz nəfər ölüb, 40 nəfər yaralanıb. Bu, İordaniyanın xristian azlığına qarşı nadir hücum kimi qiymətləndirilib.
İordaniya kralı II Abdullah, hakimiyyət orqanlarının ekstremist terrorçuluq adlandırdığı hadisəyə qarşı təhlükəsizlik qüvvələrinə “dəmir yumruqla” cavab verməyi tapşırıb. O, şənbə günü Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edərkən hücumu “iyrənc terror aktı” adlandırıb. Kral sarayının məlumatına görə, II Abdullah iordaniyalıların həyatına təhlükə yarananda güzəştə yer olmadığını deyib.
Öldürülən doqquz nəfərin dəfn mərasimləri bazar günü keçirilib. Mərasimlər zamanı təhlükəsizlik qüvvələri kilsənin və dəfnlərin baş tutduğu Həmud kəndindəki qəbiristanlığın ətrafında yerləşdirilib.
Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. İordaniya hakimiyyəti son illərdə bir neçə islamçı sui-qəsd planının qarşısının alındığını bildirib.
Şahid hücum anlarını danışıb
Hücum zamanı kilsədə olan Sahar əl-Xalsa əmisi qızının qızının dəfn mərasimi vaxtı atəş səsləri və insanların təşviş içində qışqırdığını eşidəndə sütunun arxasında gizləndiyini deyib.
O, qarışıqlıq zamanı çölə qaçarkən hücum edənləri və yaralı halda yerdə uzanan başqa bir əmisi oğlunu gördüyünü bildirib.
“Onun yanına gedib dedim: ‘Asim, Asim, əzizim, mənə cavab ver’”, – əl-Xalsa deyib. Onun sözlərinə görə, Asim gözlərini açıb ona baxıb, lakin sonra “artıq həyatda olmayıb”.