Məkkə sazişinin iştirakçısı olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli rəsmiləri bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşəcəklər. “AnewZ” “Reuters”ə istinadən yazır ki, tərəflər regional koordinasiyanı müzakirə edəcəklər.
Məlumatlı iki şəxsin bildirdiyinə görə, Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistanı isə ordu komandanı, feldmarşal Asim Munir təmsil edəcək. Mənbələrdən biri Türkiyə kəşfiyyatının rəhbərinin də görüşə qatılacağını deyib. Həmin şəxslər anonimlik şərti ilə danışıblar.
Səudiyyə Ərəbistanı hökumətinin media ofisi və Pakistan ordusunun media qurumu “Reuters”in şərh sorğusuna cavab verməyib.
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın 2026-cı il avqustun 7-də imzaladığı Məkkə Birgə Müdafiə Sazişi üçtərəfli hərbi razılaşmadır. Sazişə əsasən, üzv ölkələrdən birinə silahlı hücum hər üç ölkəyə hücum kimi qəbul edilir.
Husilər Ər-Riyad hava limanına hücum etdiklərini iddia edir
Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum etdiklərini bildiriblər. Səudiyyə Ərəbistanı bu məlumatı təsdiqləməyib.
Səudiyyə Ərəbistanının mülki müdafiə qurumu gecə saatlarında ölkənin Milli Erkən Xəbərdarlıq Platforması vasitəsilə Ər-Riyadda mümkün təhlükə barədə xəbərdarlıq yayıb və sakinlərə təlimatlara əməl etməyi tövsiyə edib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən koalisiyası bazar ertəsi paytaxt Sənada iki ballistik raket buraxılış qurğusunu məhv etdiyini açıqlayıb. Koalisiyanın sözlərinə görə, qurğulardan biri Ər-Riyada doğru atılan və ələ keçirilən raketin buraxılması üçün istifadə olunub.