Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Yəməndəki husilərin hücumları fonunda krallığa dəstək yollarını müzakirə etmək üçün birgə müdafiə sazişi çərçivəsində təcili yüksək səviyyəli görüş keçirəcək.
Husilər cümə axşamı Səudiyyə Ərəbistanındakı hədəflərə onlarla raket və pilotsuz uçuş aparatı göndərdiklərini açıqlayıblar. Səudiyyə Ərəbistanı hakimiyyəti isə husilər tərəfindən atılan altı ballistik raketin ələ keçirildiyini bildirib.
Hücumların coğrafiyası genişlənir
Səudiyyə Ərəbistanı daha əvvəl Məkkə, Ciddə və ölkənin Qırmızı dəniz sahilində yerləşən əsas neft limanı Yanbu da daxil olmaqla bir sıra ərazilər üçün fövqəladə xəbərdarlıqlar yayıb.
Ölkənin ali dini qurumu hərbçiləri husilərlə mübarizəyə hazır olmağa çağırıb. Səudiyyə dövlət xəbər agentliyində yayılan bəyanatda qrup hakimiyyətdən uzaqlaşdırılanadək mübarizənin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Pakistan və Türkiyədən olan həmkarları ilə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində görüşüb. Səudiyyə Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Məkkəyə və digər mülki obyektlərə hücumları pisləyib, krallığın özünü müdafiə etmək hüququnu təsdiqləyiblər.
İran husilərlə bağlı mövqeyini açıqlayıb
Görüş İran Prezidenti Məsud Pezeşkianın husilərdən məsafə saxlayan açıqlamasından qısa müddət sonra keçirilib. O, “Fox News” telekanalının “Special Report with Bret Baier” proqramına müsahibəsində husilərin öz fəaliyyətlərinə görə məsuliyyət daşıdığını deyib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, Tehran vasitəçilər üzərindən ABŞ-yə təklif göndərib. Təklifə əsasən, şərtlər yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazı açılacaq və bütün cəbhələrdə, o cümlədən Livanda, hərbi əməliyyatlar yeddi gün ərzində dayandırılacaq.
Əraqçinin sözlərinə görə, bunun müqabilində ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalı, dondurulmuş vəsaitləri azad etməli və neft sanksiyalarını ləğv etməlidir. O bildirib ki, Hörmüz boğazı razılaşmanın sonuncu günü açılacaq, daha sonra İranın nüvə proqramı da daxil olmaqla digər məsələlər üzrə danışıqlara başlanacaq.
Neft və gəmiçilik axınlarına təsir
İran və onun müttəfiqlərinin fəaliyyəti Səudiyyə Ərəbistanının neft ixracına ciddi təzyiq yaradıb. Husilər Qırmızı dənizin girişində gəmi hərəkətini pozub, İran isə müharibə başlamazdan əvvəl dünya neft ixracının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında tanker daşımalarını məhdudlaşdırıb.
İranın dəstəklədiyi İraqdakı silahlı qrupların hücumu Səudiyyə Ərəbistanının “East-West” neft kəmərinin fəaliyyətini də müvəqqəti dayandırıb. Peyk görüntüləri hücumdan sonra kəmərdə təmir və alternativ xətt üzrə işlərin aparıldığını göstərib.
ABŞ isə İrana qarşı sanksiyaların əhatə dairəsini genişləndirib. Vaşinqton İran şirkətləri ilə əməkdaşlıq edən üçüncü ölkələrdəki şirkətləri də hədəfə almağa başlayıb. Yeni sanksiyalardan sonra İran aviaşirkətlərinə Birləşmiş Ərəb Əmirlikləri və Oman da daxil olmaqla qonşu ölkələrə uçuşlar qadağan edilib.
Uçuş qadağasının davam etməsi İranın təcridini dərinləşdirə və ölkədəki iqtisadi böhranı ağırlaşdıra bilər.