İtaliyanın iri şəhərlərində şənbə günü müharibəyə və yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları keçirilib. Ölkə üzrə iğtişaşların başlamasından bir həftə sonra keçirilən aksiyalarda bəzi zorakılıq halları və toqquşmalar qeydə alınıb.
AnewZ-nin məlumatına görə, mümkün zərərin qarşısını almaq üçün hakimiyyət orqanları küçələrdə çox sayda polis yerləşdirib, bir çox mağaza ehtiyat tədbiri kimi bağlanıb.
Ötən həftəsonu nümayişçilərlə polisin toqquşduğu, mağazaların qarət edildiyi və əmlaka zərər vurulduğu aksiyalardan sonra bu dəfə Turin, Roma və Bolonyada nümayişçilərlə polis arasında qarşıdurmalar yaşanıb. İzdihamı dağıtmaq üçün su şırnaqlarından istifadə olunub. Milanda isə aksiyalar əsasən dinc keçib.
“Reuters”in hadisə yerindəki şahidləri mağazaların qarət edildiyini və ya əmlaka zərər vurulduğunu müşahidə etməyiblər.
Şənbə günü, oktyabrın 24-də nümayişçilər Romanın Kolizeyinin darvazalarından içəri keçərək qədim abidədəki mühafizəçilərlə üzləşiblər. Aksiya iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrutdan kənara çıxaraq turistlərin hələ olduğu Kolizeyə doğru hərəkət ediblər. Çevik polis əraziyə gəlsə də, gərgin qarşıdurma polislə toqquşmaya çevrilməyib.
İtaliya Mədəniyyət Nazirliyi etirazçıların əraziyə daxil olmasından sonra Kolizeyə ziyan dəyməsi və ya xəsarət alanların olması barədə məlumat verilmədiyini açıqlayıb.
Kolizeydəki nümayişçilərdən biri deyib: “Mən özüm heç vaxt pensiya görməyəcəyəm, amma problem təkcə bu deyil. Biz valideynlərimiz, nənə-babalarımız üçün etiraz edirik. Çünki nənəm — müharibəni yaşamış bir çox nənə kimi — iki gün əvvəl mənə dedi ki, yemək tapa bilmir, evdə ərzağı yoxdur”.
Bu həftə sosial şəbəkələrdə yeni aksiyalarla bağlı çağırışlar yayıldıqdan sonra hakimiyyət orqanları ötən həftəsonundakı zorakılığın təkrarlanmaması üçün genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb və çox sayda polis əməkdaşı cəlb edib.
İtaliya polisi şənbə günü daha əvvəl “17 October Movement” hərəkatının təşkilində iştirak etdiyi iddia olunan bir nəfəri saxladığını bildirib. Həmin şəxs dindirilmək üçün Milanda polis qərargahına aparılıb.