Bakıda 15 yaşadək futbolçular arasında keçirilən FIFA dünya çempionatının oktyabrın 25-də baş tutan ikinci oyun günü böyükhesablı nəticələr və dramatik qarşılaşmalarla yadda qalıb.
İkirəqəmli qələbələr və gözlənilməz nəticələr
Kolumbiya Samoa yığmasının qapısından 11 cavabsız top keçirib. Benin isə Kuk adalarını 10:0 hesabı ilə məğlub edib. Osias Assiqbe het-trik edib, Benua Dossu-Yovo və Noe Faton hərəyə iki qol vurublar. Benin son iki qolunu 39-cu və 40-cı dəqiqələrdə vurub. Kolumbiya və Benin iki oyunda birlikdə 21 qol vurub, qapılarından top buraxmayıblar.
Latviya Qabonla görüşdə əvvəlcə 0:1 geriyə düşsə də, ardıcıl doqquz qol vuraraq 9:1 hesablı qələbə qazanıb. Fasiləyə 4:1 öndə yollanan latviyalılar son qolu 39-cu dəqiqədə vurublar.
Hindistan Kamerunu 2:1 hesabı ilə məğlub edib. Görüşün ilk dəqiqəsində Kamerun futbolçusu avtoqol vurub, fasilə ərəfəsində isə hindistanlılar topu öz qapılarından keçiriblər. 27-ci dəqiqədə R. Lalremruatfela Hindistanı yenidən önə çıxarıb. Qapıçı Cenit Ninqthoucam az sonra penaltini dəf edib.
Günün digər oyunları
Slovakiya Tailandı 3:2 hesabı ilə üstələyib. Tailand iki dəfə hesabda önə keçib, həlledici qolu isə Patrik Hutira 40-cı dəqiqədə penaltidən vurub. Seneqal Qrenadanı 6:1, Keniya Panamanı 5:1, Vyetnam isə Bruneyi 6:0 hesabı ilə məğlub edib.
Tarixdə ilk dəfə keçirilən U-15 dünya çempionatı kiçildilmiş meydançalarda səkkizə səkkiz formatında təşkil olunur. Oyunlar 20 dəqiqəlik iki hissədən, ümumilikdə 40 dəqiqədən ibarətdir. Oktyabrın 30-dək davam edəcək yarışda 189 milli komanda iştirak edir. Matçlar əsasən Hövsan İdman Kompleksində keçirilir, həlledici görüşlər Bakı Kristal Zalında baş tutacaq.