Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizerlə görüşüb.
Görüşdə dövlət başçısı Azərbaycanda cüdonun inkişafına və Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəyə görə Vizerə təşəkkür edib. İlham Əliyev bildirib ki, Azərbaycan bu mötəbər yarışa ikinci dəfə ev sahibliyi edəcək və çempionatın yüksək səviyyədə təşkil olunacağına əmindir.
Prezident cüdonun ölkədə populyar və ən çox medal qazandıran idman növlərindən biri olduğunu vurğulayıb, idmançıların nüfuzlu yarışlarda əldə etdikləri nəticələrə toxunub. O, Bakı ilə yanaşı, bölgələrdə yaradılan müasir idman infrastrukturunun ümumi uğurlardakı rolunu da qeyd edib.
Ladislau-Marius Vizer qəbul və dünya çempionatının təşkili üçün göstərilən dəstəyə görə minnətdarlığını bildirib, cüdoçularımızı müxtəlif yarışlarda qazandıqları medallara görə təbrik edib. Görüşdə Azərbaycanla IJF arasındakı əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Sonda İlham Əliyev Vizerə “Dostluq” ordenini təqdim edib. Qonaq fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib. Vizer cüdonun inkişafına verdiyi töhfələrə görə Prezidentin sərəncamı ilə bu ordenə layiq görülüb.