Azərbaycan cüdoçuları Bakıda keçiriləcək dünya çempionatında yaxşı nəticə göstərməyə çalışacaqlar. Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin məşqçisi, sabiq cüdoçu Orxan Səfərov komandanın çıxışına inandığını bildirib.
Səfərov jurnalistlərə açıqlamasında yarışda püşkün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan idmançılarının hər biri reytinq cədvəlində yüksək pillələrdə qərarlaşıb və komanda üzvlərinə güvənir.
Məşqçi cüdoda əvvəlcədən nəticə proqnozlaşdırmağın çətin olduğunu qeyd edib. O, yarışlarda tez-tez gözlənilməz adların ön plana çıxdığını xatırladaraq, Azərbaycan millisinin doğma azarkeşlər önündə yaxşı çıxış edəcəyini düşündüyünü deyib.
Cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda, Milli Gimnastika Arenasında təşkil olunacaq.