“Qəbələ”nin kapitanı Asif Məmmədov komandanın mövsümün ilk dövrəsindəki çıxışını qənaətbəxş hesab etmədiyini deyib. Onun sözlərinə görə, komandanın məqsədi turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq olub.
40 yaşlı yarımmüdafiəçi baş məşqçi dəyişikliyindən sonra komandada baş verən yeniliklərdən də danışıb. Məmmədov elitadan düşmək barədə düşünmək istəmədiyini, bununla belə, hazırkı turnir cədvəli mövqeyinin təhlükəli vəziyyət yaratdığını söyləyib.
“Son oyunlarda futbol oynamağı bacardığımızı göstəririk, sadəcə, bəxtimiz gətirmir. Yeni baş məşqçinin gəlişindən sonra komandanın oyun üslubunda dəyişiklik var. Əvvəllər 5 müdafiəçi ilə oynayırdıqsa, indi 4 müdafiəçi ilə çıxış edirik. Yaxşılığa doğru irəliləyiş hiss olunur”, – deyə kapitan bildirib.
Məmmədov növbəti turda “Şəfa” ilə keçiriləcək görüşə də toxunub. “Qəbələ” ilk dövrədə bu rəqibinə məğlub olub və kapitan həmin nəticənin əvəzini çıxmaq istədiklərini vurğulayıb.
“Bu görüşə 100 yox, 200 faiz hazırlaşmalıyıq. “Şəfa” da bizim kimi çox xal itirib. Ona görə də bu qarşılaşma 6 yox, 12 xallıq oyundur”, – deyə o qeyd edib.
“Şəfa” – “Qəbələ” matçı noyabrın 21-də saat 17:00-da SOCAR Polymer Arenada keçiriləcək.