Fransanın daxili işlər naziri Loran Nunez 31 oktyabrda ölkə üzrə ictimai asayişi qorumaq məqsədilə 70 min təhlükəsizlik əməkdaşının yenidən xidmətə cəlb ediləcəyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Jurnalistlərə açıqlama verən Nunez Hellouin gününə təsadüf edən 31 oktyabr tarixinin ictimai asayiş baxımından “çox yüksək riskli” olacağını bildirib. Nazir sosial şəbəkələrdə bəzi radikal qrupların zorakılıq çağırışları etdiyini vurğulayaraq, polis və jandarmanın reaksiyasının “son dərəcə sərt” olacağı barədə xəbərdarlıq edib.
Məlumata görə, fəhlə hərəkatları, radikal ifrat solçu qruplar və “Sarı jiletlilər” hərəkatının bəzi qanadları şənbə günü saat 20:00-dan etibarən Fransanın bir çox şəhərində kütləvi aksiyalara başlamaq çağırışları yayıblar.
Daxili İşlər Nazirliyi xatırladıb ki, ötən şənbə keçirilən və 410 min nəfərin qatıldığı yürüşlərdə də 70 min təhlükəsizlik əməkdaşı xidmət aparıb və bu addım oktyabrın 17-də qeydə alınan talan və vandalizm hallarının təkrarlanmasının qarşısını alıb.
Ölkədəki həmkarlar ittifaqları və tələbə təşkilatları əməkhaqqı, artan yaşayış xərcləri və ictimai xidmətlərdən narazılığın kəskinləşdiyini bəyan ediblər. Onlar oktyabrın 31-də yeni nümayişlərin, noyabrın 5-də isə ölkə miqyasında kütləvi tətilin keçiriləcəyini açıqlayıblar.