Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası çərçivəsində Binə qəsəbəsində yaşayış evlərinin söküntüsünə başlanılıb. Tikinti layihəsinin təsir dairəsinə düşən mülkiyyətçilərə kompensasiyaların ödənilməsi davam edir. Sakinlərin sözlərinə görə, yaşayış evlərinin hər kvadratmetri üçün 1200 manat ödənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" “AzTV”-yə istinadən xəbər verir ki, bəzi sakinlər kompensasiya ilə razılaşdıqlarını və əldə etdikləri vəsait hesabına başqa ev aldıqlarını bildirirlər.
Sakinlərdən biri qeyd edib ki, evinin hər kvadratmetrinə görə 1200 manat, həyətyanı sahədəki ağaclara isə növündən asılı olaraq 30-50 manat arasında kompensasiya ödənilib. Onun sözlərinə görə, torpaq sahəsinin özünə görə ayrıca ödəniş verilməyib.
Digər sakinlər də təklif olunan məbləğlə razılaşdıqlarını, kompensasiyanı aldıqdan sonra yeni yaşayış yeri əldə etdiklərini bildiriblər.
300 mülkiyyətçi qeydiyyata alınıb
Layihə üzrə rəsmi nümayəndənin verdiyi məlumata görə, Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin layihələndirmə işlərinin 30 faizi yekunlaşıb.
Dəmir yolu xətti boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri, qeyri-yaşayış obyektləri və torpaq sahələri üzrə ümumilikdə 300 mülkiyyətçi qeydiyyata alınıb.
Onlardan 250-dən çoxu ilə müvafiq protokollar imzalanıb, 200-dən çox mülkiyyətçiyə isə kompensasiya ödənilib. Bildirilib ki, bu istiqamətdə işlər davam etdirilir.
Dəmir yolu xəttinin yenidən qurulması ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına xidmət edir. Layihənin icrası zamanı isə mülkiyyətçilərlə razılaşmaların aparılması, kompensasiyaların ödənilməsi və sakinlərin hüquqlarının qorunması əsas məsələlərdən biri olaraq qalır.