Cüdo üzrə U-23 Avropa çempionatının ilk günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulacaq. Yarış İtaliyanın Neapol şəhərində keçirilir və təmsilçilərimiz üç çəki dərəcəsində çıxış edəcəklər.
60 kq çəki dərəcəsində Murad Muradlı 1/8 finalda ispaniyalı Unay Penyas Merino ilə qarşılaşacaq. Babarəhim Mirzəyevin rəqibi isə italiyalı Mario Tinelli ilə fransalı Yan Motoli Bonqambe arasındakı görüşün qalibi olacaq.
66 kq-da Nizami İmranov 1/8 finalda italiyalı Alessio De Luka ilə üz-üzə gələcək. İslam Rəhimov bu mərhələdə xorvatiyalı Kristian Butuçi ilə yunanıstanlı Adam Anastasopulosun görüşündə qalib gələn cüdoçu ilə qarşılaşacaq.
73 kq çəki dərəcəsində Əbil Yusubov və Mehdi Cəfərov mübarizəyə 1/16 finaldan başlayacaqlar. Yusubovun rəqibi xorvatiyalı Luka Katiç, Cəfərovun rəqibi isə moldovalı Vlad Mitru olacaq.
Təsnifat mərhələsi saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq.