Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov oktyabrın 25-də Qazaxıstanın paytaxtı Astanadakı “Barıs Arena”da keçirilən dünya çempionatının final görüşlərinə çıxacaqlar.
55 kq çəki dərəcəsində Əzizlinin rəqibi iranlı Payam Əhmədi Balutaki olacaq. Süleymanov 77 kq-da Moldova təmsilçisi Aleksandrin Qutsu ilə qarşılaşacaq. Final görüşlərinin daxil olduğu axşam seansı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycanın digər güləşçiləri də mübarizəyə qoşulur
Əzizli yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya 5:1, Süleymanov isə iranlı Əli Oskuna 2:0 hesabı ilə qalib gəlib.
Səhər seansı Bakı vaxtı ilə saat 09:30-da başlayacaq. Murad Əhmədiyev 97 kq-da təsnifat mərhələsində cənubi koreyalı Çon Bin Kvonla, Sərxan Məmmədov isə 130 kq-da braziliyalı Gilyerme Diasla qarşılaşacaq.
Ülvü Qənizadə 72 kq-da mübarizəyə 1/8 finaldan başlayacaq. Onun rəqibi təsnifat mərhələsində hindistanlı Karancit Sinq ilə yaponiyalı Rintaro Soqabe arasında keçiriləcək görüşün qalibi olacaq.
Dünya çempionatı noyabrın 1-də başa çatacaq.