Bakıda təşkil olunan 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında Azərbaycan millisi bu gün növbəti oyunlarına çıxacaq. Famil Xəlilovun rəhbərlik etdiyi komanda turnirdə daha iki matç keçirəcək.
Azərbaycan millisi saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq.
Yığma turnirə Timor-Leste üzərində 6:0 hesablı qələbə ilə başlayıb. Həmin qarşılaşma Bakı Kristal Zalında keçirilib.
Azərbaycan komandası oktyabrın 26-da da iki matç oynayacaq: saat 11:30-da İsraillə, 18:15-də isə Haiti ilə. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Oktyabrın 30-dək davam edəcək dünya çempionatı və festivalında FIFA-ya üzv 189 milli assosiasiyanın komandaları iştirak edir. Turnir çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Yarışın əsas matçları Hövsan Yarış Kompleksində, final isə Bakı Kristal Zalında təşkil olunacaq.