FIFA U-15 dünya çempionatı və festivalının Təşkilat Komitəsinin sədri Samir Şərifov Azərbaycanın tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.
Şərifov təşkilat komitəsi adından iştirakçıları ilk dəfə keçirilən U-15 dünya çempionatında salamlayıb və onları Bakıya, Azərbaycana xoş gəldiklərini deyib. O, komandalara uğurlar arzulayıb.
Təşkilat Komitəsinin sədri bildirib ki, 189 ölkənin milli komandalarını bir araya gətirən tədbirdə dünyanın müxtəlif yerlərindən gələn yeniyetmə futbolçular dünya çempionatında öz ölkələrini təmsil edirlər.
Oktyabrın 30-da başa çatacaq turnir Hövsan Yarış Kompleksində keçirilir. Açılış və final görüşləri Bakı Kristal Zalında təşkil olunur. Azərbaycan komandası bu gün saat 19:30-da Bakı Kristal Zalında Şərqi Timor yığması ilə qarşılaşacaq.
Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, 19:30-da isə Avstraliya ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında oynayacaq. Milli komanda oktyabrın 26-da həmin meydançada saat 11:30-da İsrail, 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.