FIFA-nın yüksək səviyyəli idmançıların hazırlanması üzrə baş mütəxəssisi Hannu Tihinen Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının təşkilini yüksək qiymətləndirib. Finlandiya millisinin sabiq futbolçusu və FIFA-nın texniki araşdırma qrupunun üzvü turnirlə bağlı fikirlərini beynəlxalq federasiyanın rəsmi saytına bölüşüb.
Tihinen bildirib ki, 189 milli assosiasiyanın nümayəndələrini bir araya gətirən yarış futbol vasitəsilə dünyanı birləşdirməyin nümunəsidir. Onun sözlərinə görə, müxtəlif ölkələrin komandalarının qarşılaşmalardan sonra idmançılar kəndində ünsiyyət qurması turnirin əhəmiyyətini göstərir.
Turnirin təşkili və əhəmiyyəti
FIFA nümayəndəsi Bakıda milli komandalar arasında idman tarixinin ən böyük turnirinin keçirildiyini deyib. O, yarışın təşkilini və idmançılar kəndində yaradılan şəraiti yüksək qiymətləndirib. Tihinen kənddə üç gün keçirib.
O, həmçinin qeyd edib ki, bəzi gənc futbolçular üçün Bakıya səfər xarici ölkəyə ilk gediş, eləcə də başqa ölkələrdən olan həmyaşıdları ilə tanışlıq imkanıdır. Tihinenin sözlərinə görə, iştirakçılar bir-birinin mədəniyyətini öyrənir, birlikdə mahnı oxuyur və rəqs edirlər.
U-15 dünya çempionatı FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Vengerin kuratorluq etdiyi İstedadların İnkişafı Proqramı çərçivəsində keçirilir. Proqram perspektivli futbolçulara ölkəsindən asılı olmayaraq potensialını üzə çıxarmaq üçün bərabər imkanlar yaratmağı hədəfləyir.
Bakıda təxminən 1000 oyunun keçirilməsi planlaşdırılır. Qarşılaşmaların əsas hissəsi Hövsan İdman Kompleksində, açılış matçı və müxtəlif yaş səviyyələri üzrə finallar isə “Baku Crystal Hall”da təşkil olunur. Oyunlar 8-ə 8 formatında keçirilir və hər matç 20 dəqiqəlik iki hissədən ibarətdir.
Tihinen turnirdə qalibiyyətlə yanaşı, inkişafın, beynəlxalq təcrübənin, öyrənməyin və futboldan zövq almağın da vacib olduğunu vurğulayıb. Tarixdə ilk FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-də başlayıb və oktyabrın 30-dək davam edəcək.