“Real Madrid”in müdafiəçisi Eder Militaonun Madridin La-Moraleha rayonunda yerləşən evi qarət olunub. “El Mundo”nun məlumatına görə, hadisə oktyabrın 25-də, braziliyalı futbolçu La Liqada “Barselona” ilə oyunda olarkən baş verib.
İki nəfər evə üçüncü mərtəbədəki hamam otağının pəncərəsindən daxil olub. Həmin vaxt Militaonun qohumları evin birinci mərtəbəsində futbol matçını televizordan izləyiblər və evə girən şəxsləri görməyiblər.
Oğruların apardığı zinət əşyaları və saatların ümumi dəyəri 350 min avrodan çoxdur. Oğurlananlar arasında 53 min avro dəyərində “Rolex”, 170 min avroluq “Richard Mille” saatları, üç “Chanel” çantası və “Cartier” zinət əşyaları var.
Məlumata əsasən, evin siqnalizasiya sistemi söndürülüb, müşahidə kameralarından biri isə qoparılıb. Polis digər kameralarda qalan görüntüləri araşdırır.