ABŞ və İran arasında razılaşmanın əldə olunması istiqamətində danışıqları davam etdirmək məqsədilə Qətərdən olan vasitəçilər bu gün yenidən Tehrana gəliblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan mənbənin sözlərinə görə, vasitəçilik danışıqları ABŞ-lə razılaşdırılıb.
Daha əvvəl yayılan məlumata görə, oktyabrın 25-də Qətər İrana yeni sülh sazişi layihəsini təqdim edib. Lakin İranın yüksək vəzifəli rəsmilərindən biri təklifləri qəbuledilməz adlandıraraq Tehranın nüvə məsələsi ilə bağlı mövqeyini dəyişmək niyyətində olmadığını bildirib.
Vaşinqton nüvə məsələlərinin danışıqların gündəliyinə ilk mərhələdən daxil edilməsini istəyir. Tehran isə ABŞ-dən əvvəlcə İran limanlarına tətbiq olunan blokadanı aradan qaldırmağı və neft ixracına qoyulan sanksiyaları ləğv etməyi tələb edir.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Yaxın Şərqdə müharibənin dayandırılmasına dair yeddi günlük planın həyata keçirilməsini təmin edə biləcək təklifləri müzakirə etmək üçün vasitəçilərlə sıx təmaslarını davam etdirir.