Çin Kanada məhsullarına, o cümlədən donuz əti və dəniz məhsullarına tətbiq etdiyi tarifləri azaldacaq. Qərar Çin lideri Si Cinpin və Kanadanın Baş naziri Mark Karninin görüşündən sonra açıqlanıb.
AnewZ-in məlumatına görə, liderlər Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən əvvəl, noyabrın 17-də Çinin cənubundakı Şençjen şəhərində görüşüblər. Bu, Karni vəzifəyə başladıqdan sonra onların üçüncü görüşü olub.
Karninin ofisinin bildirdiyinə görə, əlavə güzəştlər təxminən 280 milyon dollarlıq Kanada ixracına, o cümlədən dondurulmuş donuz əti tikələrinə, balıq və dəniz məhsullarına şamil olunacaq. Bunun müqabilində Kanada bəzi Çin polad və alüminium məhsullarına tətbiq etdiyi, 2026-cı ilin sonunda müddəti bitməli olan tarif güzəştlərini uzadacaq.
Karni münasibətlərdə “daha çox proqnozlaşdırıla bilmə və sabitliyi” alqışlayıb. O bildirib ki, Kanada 2030-cu ilədək Çinə ixracı 50 faiz artırmaq hədəfinə çatmaq istiqamətində planlaşdırılandan xeyli irəlidədir.
İki ölkə arasında münasibətlər 2018-ci ilin sonlarında, “Huawei” şirkətinin maliyyə direktoru Menq Vanzounun ABŞ-ın ekstradisiya tələbi ilə Kanadanın Vankuver şəhərində həbsindən sonra kəskin pisləşmişdi. Pekin daha sonra casusluqda şübhəli bilinən Kanada vətəndaşları Maykl Kovriq və Maykl Spavoru saxlamışdı.
2021-ci ilin sentyabrında ABŞ Ədliyyə Nazirliyi Menq Vanzounun ekstradisiyası tələbini geri götürüb. O, Çinə qayıdıb, Maykl Kovriq və Maykl Spavor isə Kanadaya buraxılıb.
Çin 2025-ci ilin martında Kanada kolza yağı və noxuduna 100 faiz, donuz əti və dəniz məhsullarına isə 25 faiz tarif tətbiq edib. Pekin bu addımı Kanadanın Çin elektrik avtomobillərinə tətbiq etdiyi 100 faizlik tariflərə cavab olaraq atdığını bildirib.
Karni və Si 2017-ci ildən bəri ilk rəsmi danışıqlarını 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçiriblər. Karni yanvarda Pekində Si ilə növbəti dəfə görüşüb. Bundan sonra Ottava on minlərlə Çin elektrik avtomobilinə tətbiq etdiyi 100 faizlik tarifi beş il ərzində azaltmağa razılaşıb. Pekin isə Kanada kolza toxumu və şrotuna tarifləri aşağı salıb.
London Fond Birjası Qrupunun məlumatları əsasında aparılan hesablamaya görə, Kanada xam neftinin Çinə tədarükü bu il təxminən 37 faiz artıb. Baş nazir olduqdan sonra Karni Kanadanın bir çox məhsuluna yüksək tariflər tətbiq edən ABŞ-dan güclü iqtisadi asılılığını azaltmağa çalışır.
Si Cinpinin əməkdaşlıq təklifləri
Si Cinpin bildirib ki, iki ölkə yanvarda Çin-Kanada strateji tərəfdaşlığını inkişaf etdirmək barədə razılığa gəldikdən sonra müxtəlif sahələrdə təmas və əməkdaşlıq tam bərpa olunub.
Rəsmi Sinxua agentliyinin məlumatına görə, Si ikitərəfli əlaqələri inkişaf etdirmək üçün dörd təklif irəli sürüb. Bunlara ticarət, enerji, kənd təsərrüfatı və maliyyə sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də yaşıl iqtisadiyyat, rəqəmsal sektor və elektron ticarət sahələrinə genişlənmə daxildir.
“Çin və Kanada arasında daha güclü ünsiyyət və əməkdaşlıq təkcə iki ölkəmizə deyil, Asiya-Sakit okean regionuna və bütün dünyaya fayda verəcək”, – Si Şençjendə Karniyə deyib.
Təhlükəsizlik üzrə analitiklər və insan hüquqları təşkilatları Pekinlə daha sıx əlaqələrin Kanadanın təhlükəsizliyinə və dəyərlərinə xələl gətirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Tənqidçilər Honq-Konqda demokratiya tərəfdarı media sahibkarı Cimmi Layın həbsini, Çinin ötən il dörd Kanada vətəndaşını gizli şəkildə edam etməsini və Kanada kəşfiyyatının Pekinin ən azı iki federal seçkiyə müdaxilə etdiyinə dair qənaətlərini nümunə göstərirlər. Çin Kanadanın daxili işlərinə qarışmaq niyyətində olmadığını bildirib.