Oman və İran dəniz yollarının təhlükəsizliyinin qorunması, beynəlxalq gəmiçilik və ticarət axınının davamlılığı, eləcə də gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səylərin canlandırılması barədə danışıqlar aparıblar. AnewZ-in Omanın Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, görüş noyabrın 17-də keçirilib.
İranın xarici işlər naziri Abbas Əraqçinin Omana səfəri çərçivəsində keçirilən görüşdə regional vəziyyət və mövcud mərhələnin çətinlikləri, gərginliyin azaldılması üçün diplomatik seçimlər, dialoq və danışıqların bərpası müzakirə olunub. Oman Hörmüz boğazının cənub sahilinə nəzarət edir.
İki ölkənin nazirləri dəniz dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsinin, beynəlxalq gəmiçilik və ticarətin maneəsiz davam etməsinin, eləcə də siyasi və diplomatik əlaqə kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıblar. Omanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər dialoqa, ortaq maraqlara və dövlətlərin suverenliyinə hörmətə əsaslanan diplomatiyanı davam etdirməyin əhəmiyyətini də qeyd ediblər.
Görüşdə Omanın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Xəlifə bin Əli əl-Hərisi və hər iki tərəfdən bir sıra rəsmilər iştirak ediblər.
Danışıqlar Hörmüz boğazında neft tankerlərinə hücumların artdığı vaxta təsadüf edib. Mənbənin məlumatına görə, İran dəniz hərəkətini pozmağa davam edir, ABŞ isə İran limanlarına qarşı dəniz blokadasını saxlayır.
“Reuters”in noyabrın 11-də dərc etdiyi məlumata əsasən, noyabrın ilk 10 günündə azı 10 gəmiyə zərbə endirilib. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun məlumatına görə, oktyabrda 37 hücum qeydə alınıb ki, bu da münaqişə başlayandan bəri bir ay ərzində qeydə alınan ən yüksək göstəricidir.
“Reuters” noyabrın 8-də Oman sahilləri yaxınlığında “Navig8” tankerinin yandığını göstərən görüntüləri də təsdiqləyib. İran həmin gün üç tankerə zərbə endirdiyinə görə məsuliyyəti üzərinə götürərək onların boğazdan icazəsiz marşrutlarla keçdiyini iddia edib.
Hücumlar ətraf mühitə də zərər vurub: görüntülərdə neftin Oman sahillərinə çatdığı görünür. Peyk təsvirlərində Oman və Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında neft dağılmaları qeydə alınıb.
Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, fevralın sonlarında münaqişə başlayandan bəri bölgədə 133 hadisə qeydə alınıb. Onların əksəriyyəti hücumlardır, azı 25 dənizçi həlak olub.
Hörmüz boğazı münaqişə başlamazdan əvvəl qlobal enerji təchizatının təxminən beşdə birinin daşındığı dar su yoludur. Boğaz müharibəyə son qoymağa yönələn danışıqlarda əsas mübahisə mövzularından biri olaraq qalır.
Davam edən diplomatik səylərə baxmayaraq, təxminən doqquz aydır davam edən münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmayıb. Oman münaqişənin başlanğıcından bəri vasitəçilik rolunu oynayıb. Münaqişə fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra başlayıb.