Britaniya Kral Donanmasının 133 metr uzunluğundakı HMS “Sutherland” freqatında baş verən hadisə ilə bağlı leytenant Samuel Hanney hərbi məhkəmə qarşısına çıxarılıb. 143 milyon funt sterlinqə inşa edilən gəmidə növbətçi zabitin postunu tərk etdiyi və təlim keçən leytenant Thomas McNally-ni faktiki olaraq tək qoyduğu iddia olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə ilə bağlı dinləmələr Bulford Hərbi Məhkəməsində keçirilir.
İttihama görə, hadisə 3 aprel 2025-ci ildə gəmi dənizdə olarkən baş verib. Hanney səhər növbəsi zamanı digər gəmiləri və mümkün təhlükələri müşahidə etmək əvəzinə, meteoroloji xəritələr hazırlamaq üçün kompüterdən istifadə edib.
Prokuror Luis Canosa məhkəmədə bildirib ki, Hanney kompüter ekranının işığını gizlədən pərdənin arxasında 20 dəqiqədən çox qalıb. Hanney hərbi polisə verdiyi ifadədə bu müddətin 14 dəqiqə olduğunu deyib. Lakin kompüter məlumatlarına əsasən, onun saat 04:09-dan 04:30-dək sistemə daxil olduğu və postundan təxminən 21 dəqiqə uzaq qaldığı bildirilib.
Canosa Hanney-ni gəminin təhlükəsizliyini lazımi qaydada təmin etməməkdə, ikinci növbətçi zabitə nəzarət etməməkdə və körpüdəki heyəti effektiv idarə etməməkdə ittiham edib. Həmin vaxt gəmi Britaniyanın cənub sahillərində yerləşən Plimutdan Dorset qraflığındakı Laym körfəzinə doğru hərəkət edirmiş.
Hadisə zamanı ikinci növbətçi zabit olan Thomas McNally təliminin ilkin mərhələsində olduğunu və kvalifikasiya üçün tələb olunan 600 saatın yalnız 100 saatını tamamladığını bildirib.
McNally məhkəmədə deyib ki, Hanney-nin postundan yoxa çıxmasından sonra gəminin çölünü heç kimin müşahidə etmədiyini anlayıb. O, vəziyyəti təhlükəli hesab etdiyini, lakin gərginlik və qorxu səbəbindən bir müddət hərəkətsiz qaldığını söyləyib.
McNally-nin sözlərinə görə, Hanney iki coğrafi mövqeni 30 dəqiqəlik fasilə ilə müəyyənləşdirib və buna görə onun təxminən bir saat yoxa çıxdığını düşünüb. Təlim keçən zabit məsələni əvvəlcə ekipajın başqa üzvünə, daha sonra isə gəminin kapitanına çatdırıb.
Donanmanın naviqasiya zabiti Thomas Boeckx bildirib ki, Hanney-nin çöl müşahidəsini nə qədər müddətə dayandırmasından asılı olaraq, hadisəni birmənalı şəkildə səhlənkarlıq kimi qiymətləndirmək olmaz.
Boeckx qeyd edib ki, növbətçi zabit radar da daxil olmaqla müxtəlif vasitələrdən istifadə edə və digər ekipaj üzvlərinin görmə imkanlarını məhdudlaşdırmamaq şərtilə bəzi tapşırıqları pərdənin arxasında yerinə yetirə bilər. Bununla belə, onun sözlərinə görə, zabit postunu bir dəfəyə yalnız iki-üç dəqiqə, ən çoxu isə beş dəqiqə tərk edə bilər.
Hərbi polisə verilən ifadədə isə pərdənin arxasında təsadüfən 14 dəqiqə qalmağın peşəkar uyğunsuzluq sayılacağı və həmin şəxsin vəzifədən kənarlaşdırılaraq əlavə təlimə göndərilməli olduğu bildirilib. Bunun qəsdən edilməsi halında isə hərəkətin səhlənkarlıq kimi qiymətləndirilə biləcəyi qeyd olunub.
Bulford Hərbi Məhkəməsində iş üzrə dinləmələr davam edir.