Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani İsrailin Qəzza zolağında törətdiyi əməllərin müharibə cinayəti xarakteri daşıdığını və buna görə İsrailin Baş naziri Benyamin Netanyahunun məsul tutulmalı olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Al Sani bu fikirləri britaniyalı jurnalist Pirs Morqanın “Piers Morgan Uncensored” proqramına müsahibəsində səsləndirib.
O qeyd edib ki, Netanyahu Qətərə hücum etməklə ictimai rəyi manipulyasiya etməyə və saxta reallıq təsəvvürü yaratmağa çalışır.
Qətər hökumətinin başçısı Netanyahunun özünün və hökumətinin fəaliyyətinə diqqət yetirmək əvəzinə günahı başqalarının üzərinə atdığını deyib. “Netanyahu müharibə cinayətkarıdır. O, törətdiklərini başqalarına yansıtmağa çalışır”, – Al Sani vurğulayıb.
Al Sani İsrailin ötən il Dohaya təşkil etdiyi hücumu bir daha pisləyib. O, vasitəçilərə hücum edilməsinin təhlükəli presedent yaratdığını bildirərək, “Netanyahu qırmızı xətti keçib”, – deyə əlavə edib.
Regional vəziyyətə də toxunan Qətərin Baş naziri müharibənin təsirlərinin İran və regionla məhdudlaşmadığını, qlobal iqtisadiyyatı da təhdid etdiyini bildirib. Onun sözlərinə görə, Qətər bu nəticələrlə bağlı dəfələrlə xəbərdarlıq edib.
Al Sani ABŞ administrasiyası ilə koordinasiya çərçivəsində ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün diplomatik həll yolları axtardıqlarını deyib. O, vasitəçilik prosesinin asan olmadığını, lakin “qapalı qapılar arxasında diplomatiya”nın irəliləyiş əldə etmək üçün ən səmərəli üsul olduğunu vurğulayıb.
Qətərin Baş naziri regionda gərginliyin azaldılması üçün üç əsas məsələnin həll edilməli olduğunu qeyd edib.
Onun sözlərinə görə, ilk növbədə ABŞ tərəfini və Beynəlxalq Atom Enerjisi Agentliyini qane edən, eyni zamanda sanksiyaların ləğvi ilə İranın dinc nüvə enerjisi hüququnu təmin edən nüvə sazişi bağlanmalıdır.
Bundan əlavə, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi və bu sahədə istənilən razılaşmanın beynəlxalq hüquqa əsaslanması vacibdir.
Al Sani həmçinin Körfəz Əməkdaşlıq Şurası ölkələri və İran da daxil olmaqla, regionda təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsinin zəruri olduğunu bildirib.