Fransa Prezidenti Emmanuel Makron “ABC News” telekanalına verdiyi müsahibədə Yaxın Şərqdə kəskinləşən hərbi gərginlik, Hörmüz boğazında yaranmış böhran və Ukraynadakı son vəziyyətlə bağlı mühüm dəyərləndirmələr edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ media qurumları məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın artan yanacaq qiymətlərini müharibənin “kiçik bir bədəli” kimi dəyərləndirməsinə münasibət bildirən Makron, Tehranın nüvə silahına malik olmamasının əsas prioritet olduğunu vurğulayıb. Bununla belə, Fransa lideri güc tətbiqi ilə siyasi rejim rejimlərinin dəyişdirilməsi cəhdlərini tənqid edib: “Bir ölkəni bombalamaqla rejim dəyişikliyinə nail olmağın mümkün olduğunu düşünmürəm. Tarixdə əvvəllər də bu cür səhvlərə yol verilib”.
Makron Yaxın Şərqdəki böhranın artıq regional çərçivəni aşdığını və əsas gündəmin Hörmüz boğazının yenidən dəniz nəqliyyatına açılması olduğunu diqqətə çatdırıb. “İran rejimi bu kartın – Hörmüz boğazının – əlində olduğunu kəşf edib”, – deyə bildirən Fransa Prezidenti Nyu-Yorkda Tramp və digər liderlərlə keçirdiyi görüşlərdə əsas hədəfin boğazın açılması üçün düzgün diplomatik razılaşmanın tapılması olduğunu qeyd edib. O, Fransanın müharibəyə birbaşa müdaxilə etməmək qərarının doğruluğunu müdafiə etməklə yanaşı, dəniz keçidinin təhlükəsizliyini sağlamaq üçün daha çox məsuliyyət götürməyə hazır olduqlarını vurğulayıb.
Hörmüz boğazındakı vəziyyətin Vaşinqton tərəfindən kifayət qədər qiymətləndirilməyən bir “kor nöqtə” olub-olmaması ilə bağlı suala Makron birbaşa ittihamlardan yayınaraq cavab verib. O, müharibə şəraitində bu məsələnin bəlkə də lazımi səviyyədə nəzərə alınmadığını və hazırda bu xətanın düzəldilməli olduğunu bildirib.
Ukrayna münaqişəsinə də toxunan Fransa lideri Rusiya Prezidenti Vladimir Putinin səmimi sülh tərəfdarı olduğuna inanmadığını bəyan edib. Donald Trampla şəxsi münasibətlərinin “çox yaxşı” və açıq olduğunu deyən Makron, Ukraynanın ABŞ prezidentini inandıra biləcəyi məsələlərin mövcudluğuna diqqət çəkib. O, qlobal miqyasda Ukrayna, Yaxın Şərq və süni intellekt rəqabəti kimi ciddi çağırışların fonunda yeni gərginlik ocaqlarının yaradılmasının yolverilməz olduğunu sözlərinə əlavə edib.