Yaponiyanın Baş naziri Sanae Takaiçi Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsindəki rolunun gücləndirilməsinin vacibliyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Tokio hökumətinin rəsmi mənbələri və Yaponiyanın “Jiji Press” agentliyi məlumat yayıb.
ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Takai.i beynəlxalq nizamın ciddi qeyri-sabitlik dövründən keçdiyini bildirib. O, təsir dairələri uğrunda rəqabətin və geosiyasi gərginliyin dünya miqyasında mülki itkilərə səbəb olduğunu, Soyuq müharibədən sonrakı nisbi sabitlik dövrünün geridə qaldığını diqqətə çatdırıb.
Baş nazir Rusiya-Ukrayna müharibəsini BMT Nizamnaməsinin aşkar pozulması kimi dəyərləndirərək Təhlükəsizlik Şurasının mövcud strukturunun işləkliyini itirdiyini vurğulayıb: “Mövcud şəraitdə Təhlükəsizlik Şurasının beynəlxalq sülh naminə effektiv fəaliyyət göstərmədiyini açıq etiraf etməliyik”. Takaiçi təşkilatın legitimliyini bərpa etmək üçün Təhlükəsizlik Şurasının hem daimi, həm də qeyri-daimi üzvlərinin sayının təcili artırılmasını vacib sayıb.
Yaxın Şərqdəki böhrana toxunan Yaponiya hökumətinin başçısı Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyə yaranan təhdidlərdən narahatlığını ifadə edib. O, Tokionun regionda gərginliyin azaldılması üçün tərəfdaşlarla diplomatik səyləri davam etdirəcəyini qeyd edib. Eyni zamanda, "nüvə silahından azad dünya" hədəfinin Yaponiyanın xarici siyasətində ana xətt olduğunu xatırladaraq NPT (Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə) rejiminin gücləndirilməsinə çağırıb.
Takaichi 2050-ci ilədək xalis sıfır emissiya hədəfinə çatmaq üçün yaşıl transformasiya layihələrinin sürətləndirildiyini bildirib. Süni intellekt texnologiyalarının imkanları ilə yanaşı, dezinformasiya və hibrid təhdidlər yaratdığını deyən Baş nazir rəqəmsal sahədə qlobal qaydaların müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşü dəyərləndirən Takaiçi, tərəflərin Hörmüz boğazında təhlükəsiz dəniz nəqliyyatının qorunması, Yaxın Şərqdə sabitliyin bərpası, eləcə də müdafiə, təhsil və iqtisadiyyat sahələrində strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəldiklərini diqqətə çatdırıb. Yaponiya lideri iki ölkə arasındakı əlaqələri Asiya qitəsinin şərqini və qərbini bir-birinə bağlayan “iki qanad”a bənzədib.