İstehsal xərclərinin uzun müddətdir sikkənin nominal dəyərini üstələməsi və pərakəndə ödənişlərdə nağd pul istifadəsinin azalması ABŞ-də ən kiçik pul vahidinin istehsalının dayandırılmasına səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, banklar və kommersiya müəssisələri dövriyyədə olan sikkələri qəbul etməyə davam etsələr də, bu qərar ilk dəfə 1793-cü ildə zərb edilən və Amerika gündəlik həyatının simvollarından birinə çevrilən “penny”lərin tədricən bazardan çıxarılması prosesini başladıb.
ABŞ mətbuatında yayılan görüntülərdə istehsalı dayandırılan 1 sentlik sikkələr nümayiş etdirilib.
Ekspertlərin fikrincə, 1 sentlik sikkələrin istehsalına son verilməsi ABŞ Zərbxanasının büdcəsində hər il milyonlarla dollar qənaət yaradacaq. Bununla yanaşı, kommersiya kassalarında əməliyyatların aparılması üçün tələb olunan vaxtın qısalacağı gözlənilir.