Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Artıq vətəndaşlar öz adlarına onlayn istehlak krediti rəsmiləşdirilməsini əvvəlcədən bloklaya biləcəklər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənən yeni tələblər 1 oktyabr 2026-cı ildən qüvvəyə minir.
Vətəndaşlar onlayn kredit götürülməsini bloklaya biləcək
Yeni qaydalara əsasən, müştərinin yazılı müraciəti əsasında bank onun adına distant qaydada istehlak kreditinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitinin artırılmasına tam məhdudiyyət tətbiq etməlidir.
Bu məhdudiyyət bankın bütün satış platformalarında qüvvədə olacaq.
Vətəndaş tətbiq etdiyi qadağanı yalnız banka şəxsən müraciət etməklə, gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə yazılı ərizə təqdim edərək ləğv edə biləcək.
Kredit verilməzdən əvvəl əlavə yoxlama aparılacaq
Kredit verən təşkilatın daxili sistemləri vasitəsilə borcalanın adına belə bir məhdudiyyətin olmadığı müəyyən edildikdən sonra məlumat Kredit Bürosunun bazası üzərindən də yoxlanılmalıdır.
Onlayn kredit götürülməsini bloklayan şəxsin adına distant qaydada yeni kredit rəsmiləşdirilməsi və ya kredit limitinin artırılması mümkün olmayacaq.
Əgər belə bir məhdudiyyət tətbiq etmiş şəxsin adından məsafədən kredit müraciəti edilərsə, bank bu barədə müştəriyə dərhal mobil tətbiq və ya SMS vasitəsilə məlumat göndərməlidir.
Onlayn kreditlər üzrə gözləmə müddəti tətbiq olunacaq
Yeni qaydalarla distant qaydada rəsmiləşdirilən kreditlər üzrə vəsaitin müştəriyə ödənilməsi üçün gözləmə müddəti də müəyyənləşdirilib.
Belə ki:
- Minimum əməkhaqqının 2 mislinədək olan kreditlər – müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra;
- Minimum əməkhaqqının 2 mislindən yuxarı olan kreditlər – müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 24 saat sonra ödəniləcək.
Bu müddətlər barədə müştəri əvvəlcədən məlumatlandırılmalıdır.
Kredit müqavilələrinə yeni bənd əlavə ediləcək
İstehlak krediti müqavilələrində kreditin və ya kredit limitinin artırılmasının həyata keçirilməsi halında borclunun həmin öhdəlikdən azad edilməsini nəzərdə tutan müddəa da yer almalıdır.
Bundan əlavə, kreditin məsafədən rəsmiləşdirilməsi zamanı borcalanın adına onlayn kreditlə bağlı məhdudiyyətin olub-olmaması barədə məlumat kredit dosyesinə daxil ediləcək.
Yeni tələblər yalnız banklara deyil, bank olmayan kredit təşkilatlarına (BOKT) da şamil ediləcək.
Qaydaların əsas məqsədlərindən biri məsafədən kredit rəsmiləşdirilməsi zamanı müştərilərin təhlükəsizliyinin artırılması və kredit risklərinin idarə edilməsinin gücləndirilməsidir.