Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün son matçına çıxacaq. Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda Əfqanıstan seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da Hövsan Olimpiya Kompleksində başlayacaq.
Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna yüksəlib. Komanda Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
C Divizionunda 81-96-cı yerlər uğrunda keçirilən əvvəlki matçlarda yığma Çiliyə 1:3, Vyetnama 2:4 hesabı ilə məğlub olub, Cəbəllütariqi 5:1, Mozambiki isə 4:1 hesabı ilə üstələyib.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Bu gün başa çatacaq yarış Hövsan Yarış Kompleksində keçirilir, final görüşü isə Bakı Kristal Zalında təşkil olunacaq.
Kontekst
Oktyabrın 29-da Azərbaycan millisi C Divizionunda Mozambikə 4:1 hesabı ilə qalib gəlib.