Cənubi Amerika ölkələrinin ümumi bazarı (MERCOSUR) ölkələrinin Avropa İttifaqına ixracı azad ticarət sazişinin bağlanmasından sonra 2040-cı ilə qədər 9 milyard avro artacaq (2024-cü il səviyyəsindən 15 %-dən çox).
“Operativ Məlumat Mərkəzi - OMM”nin Avropa Komissiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu proqnozu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Paraqvayda keçirilən mətbuat konfransında açıqlayıb.
"2040-cı ilə qədər MERCOSUR-un Aİ-yə ixracı 9 milyard avro artacaq. Bu çox böyük göstəricidir", – deyə Lyayen bildirib. Onun sözlərinə görə, saziş əsasında Aİ Cənubi Amerika ölkələrinin kimya və maşınqayırma sənayesinə böyük sərmayələr yatırmağı planlaşdırır.
"Avrostat"ın məlumatına görə, 2024-cü ildə MERCOSUR ölkələrinin Avropaya ixrac həcmi 57 milyard avroya çatıb, kənd təsərrüfatı məhsullarının payı isə 42,7 % təşkil edib.
Avropa Komissiyası rəhbərinin proqnozu ucuz kənd təsərrüfatı məhsullarının nəzarətsiz axınından narahat olan Avropa fermerlərinin etirazlarının əsaslı olduğunu təsdiqləyir.