Operativ Məlumat Mərkəzi

“Bu, ədalətsiz və qəbuledilməz qərardır” – deputatdan AZAL işi üzrə Rusiyaya sərt REAKSİYA

4 dəq
Paylaş:
“Bu, ədalətsiz və qəbuledilməz qərardır” – deputatdan  AZAL işi üzrə Rusiyaya sərt REAKSİYA
“Rusiya Federasiyasının İstintaq Komitəsinin AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı cinayət işinə xitam verməsi qərarı Azərbaycan dövləti və...

“Rusiya Federasiyasının İstintaq Komitəsinin AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı cinayət işinə xitam verməsi qərarı Azərbaycan dövləti və cəmiyyətində ciddi narahatlıq doğurub”.

Bu fikirləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında Vasif Qafarov deyib.

Deputatın sözlərinə görə, sözügedən qərar təkcə konkret bir aviasiya insidenti ilə bağlı deyil, eyni zamanda Azərbaycanın suveren hüquqlarına, vətəndaşlarının təhlükəsizliyinə və beynəlxalq hüququn aliliyinə münasibətin göstəricisi kimi qiymətləndirilməlidir.

photo_307981.webp?v=MTI6NTUyMDI1LTEyLTI0IDE4OjMwOjM3

Vasif Qafarov bildirib ki, Azərbaycan dövlətinin maraqları prizmasından yanaşdıqda, bu qərar ədalətli istintaq gözləntilərini doğrultmur və məsuliyyətin faktiki olaraq arxa plana keçirildiyini göstərir.

O qeyd edib ki, mülki aviasiya obyektinə qarşı baş verən hər hansı hadisə, xüsusilə insan həyatı üçün risk yaradan insident beynəlxalq hüquq normalarına uyğun şəkildə hərtərəfli və şəffaf araşdırılmalıdır:

“Rusiya İstintaq Komitəsinin cinayət işini xitam etməsi Azərbaycan təyyarəsinin və onun vətəndaşlarının təhlükəsizliyinə laqeyd və çox ədalətsiz yanaşmadır. Azərbaycan dövləti üçün əsas prinsip ondan ibarətdir ki, ölkə vətəndaşlarının həyatı və təhlükəsizliyi heç bir siyasi və ya geosiyasi maraqların kölgəsində qala bilməz”.

photo_308283.webp

Millət vəkili vurğulayıb ki, bu qərarın Azərbaycan dövlətinin maraqlarına zidd olan digər mühüm tərəfi rəsmi Moskvanın müxtəlif səviyyələrdə səsləndirdiyi açıqlamalar arasında müşahidə olunan uyğunsuzluqdur.

Onun sözlərinə görə, bir tərəfdən Rusiya rəhbərliyinin ən yüksək səviyyədə insidentlə bağlı məsuliyyətin araşdırılacağına, günahkarların cəzalandırılacağına və kompensasiya ödəniləcəyinə dair verdiyi bəyanatlar, digər tərəfdən isə istintaqın dayandırılması qərarı ciddi ziddiyyət yaradır. Bu vəziyyət Azərbaycan–Rusiya münasibətlərində etimad amilinə zərər vura və strateji tərəfdaşlıq anlayışının məzmununu sual altına qoya bilər. O əlavə edib ki, Azərbaycan üçün tərəfdaşlıq qarşılıqlı hörmət və məsuliyyət prinsipləri üzərində qurulub.

photo_285682.webp?v=MTI6NTYyMDI1LTA3LTAyIDE3OjE0OjA4

Açıqlamada həmçinin qeyd olunub ki, Azərbaycan bu məsələni emosional müstəvidə deyil, hüquqi və diplomatik çərçivədə qiymətləndirməyə üstünlük verir. Vasif Qafarov bildirib ki, dövlət maraqları baxımından məqsəd münasibətləri gərginləşdirmək deyil, lakin susmaq və ya qeyri-müəyyən qərarlarla razılaşmaq da yolverilməzdir. Onun sözlərinə görə, rəsmi Bakı beynəlxalq hüquqa, xüsusilə mülki aviasiyanın təhlükəsizliyi ilə bağlı konvensiyalara istinad etməklə hadisənin obyektiv araşdırılmasını və hüquqi qiymət verilməsini tələb etmək üçün kifayət qədər əsaslara malikdir. Bu yanaşma Azərbaycanın beynəlxalq imicini gücləndirməklə yanaşı, gələcəkdə oxşar hadisələrin qarşısının alınması baxımından mühüm presedent yaradır.

“Rusiya İstintaq Komitəsinin AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verməsi qərarı Azərbaycan dövlətinin maraqları baxımından qeyri-məqbul, ədalətsiz və qəbuledilməzdir. Bu qərar suveren hüquqların, vətəndaş təhlükəsizliyinin və beynəlxalq hüququn qorunması baxımından ciddi suallar doğurur və Azərbaycan dövləti prinsipial mövqeyini qoruyaraq həm ikitərəfli münasibətlər, həm də beynəlxalq müstəvidə milli maraqlarını ardıcıl şəkildə müdafiə edəcək”,- deyə sonda deputat vurğulayıb.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər