“Azərbaycan Respublikası humanitar prinsiplərə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirərək dörd nəfər Ermənistan vətəndaşını ölkəyə təhvil verib. Qeyd olunan şəxslərin təhvil verilməsi rəsmi Bakının humanitar yanaşmasının, regionda etimad mühitinin formalaşdırılmasına və sülh prosesinə töhfə vermək niyyətinin davamlı olmasına bariz nümunədir. Həm də bu addımla ölkəmiz beynəlxalq humanitar hüquqa, o cümlədən insan hüquqları ilə bağlı öhdəliklərə hörmətlə yanaşdığını bir daha göstərmiş olur”.
Bu sözləri “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında deputat Vüqar İskəndərov bildirib:
"Ölkəmiz bundan sonra da regionda sabitliyin, təhlükəsizliyin və davamlı sülhün təmin olunması istiqamətində konstruktiv mövqe nümayiş etdirməyə hazırdır və təbii olaraq, analoji olaraq qarşı tərəfdən də humanitar addımların daha çox atılmasını gözləyir.

O əlavə edib ki, ölkəmiz qalib gələn tərəf, regionda yeni geosiyasi mühit formalaşdıran bir ölkədir. Adətən qələbə qazanan ölkələr daha çox tələblər, daha çox digər məsələləri ortaya qoyur. Azərbaycan şanlı qələbə qazanmasına, tarixi nailiyyət əldə etməsinə baxmayaraq, sülh əlini uzadan ölkə oldu və bu gün də o proses davam edir.
Deputat qeyd edib ki, artıq iki ölkə arasında etimad mühiti formalaşdırılmağa başlanılıb:
“Vətəndaş cəmiyyətlərinin görüşləri, Azərbaycan üzərindən Ermənistana göndərilən həm taxıl, həm Azərbaycan tərəfindən göndərilən yanacaq, benzin və s. həmin məsələlərin ilk addımlarıdır”.

“Bölgədə dayanıqlı sülhün təmin olunması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün humanitar yönümlü addımların atılması zəruridir və Ermənistanın buna adekvat reaksiyalar göstərməsi vacibdir. Problemlərin hələ də mövcud olduğu yerlərdə isə Ermənistanın konstruktiv və rasional addımlar atması gözlənilir”,- deyə Vüqar İskəndərov sonlandırıb.
Afət ZİYADQIZI