Operativ Məlumat Mərkəzi

“Su anbarlarının bərpası və yeni layihələr ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”

5 dəq
Paylaş:
“Su anbarlarının bərpası və yeni layihələr ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”
“Azərbaycanın son 20 ildə formalaşdırdığı infrastruktur siyasəti ardıcıl və strateji yanaşma üzərində qurulub. Bakı şəhərində və Abşeron yarımadasında su...

“Azərbaycanın son 20 ildə formalaşdırdığı infrastruktur siyasəti ardıcıl və strateji yanaşma üzərində qurulub. Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” da bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Dövlət Proqramına həsr olunmuş müşavirədə dövlət başçısının çıxışı Azərbaycanın artıq əsas infrastruktur problemlərini həll etdiyini və daha mürəkkəb, uzunmüddətli çağırışlara fokuslanan yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirib.

Vasif Qafarov vurğulayıb ki, son 20 ildə icra olunan regional inkişaf proqramları nəticəsində elektrik enerjisi, qazlaşdırma, yol infrastrukturu və su təminatı sahələrində köklü dönüş yaradılıb.

"Hazırda Azərbaycanın enerji generasiya gücü təqribən 10 min meqavat təşkil edir və daxili tələbatı üstələyir. Deputatın sözlərinə görə, Azərbaycan bu gün yalnız öz enerji təhlükəsizliyini təmin etmir, eyni zamanda elektrik enerjisinin ixracı istiqamətində regional və beynəlxalq səviyyədə mühüm addımlar atır.

photo_306868.webp?v=MTc6MzIyMDI1LTEyLTE2IDE1OjI0OjUw

Qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılmasını da mühüm nailiyyət kimi dəyərləndirən deputat bildirib ki, vaxtilə qaz və elektrik enerjisi idxal edən Azərbaycan hazırda 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. O, son 20 ildə inşa edilən dörd böyük su anbarının, xüsusilə Taxtakörpü və Şəmkirçay su anbarlarının Bakı şəhəri və ölkənin qərb bölgələrinin su təminatında həlledici rol oynadığını diqqətə çatdırıb",- deyə müsahibimiz əlavə edib.

Deputat həmçinin Ceyranbatan su anbarının yenidən qurulmasının və müasir təmizləyici qurğularla təchiz edilməsinin paytaxtın dayanıqlı su təminatının əsas sütunlarından biri olduğunu qeyd edib.

Millət vəkili Prezident İlham Əliyevin müşavirədə Ermənistanın işğal dövründə həyata keçirdiyi “su terroru”na toxunduğunu xatırladaraq bildirib ki, Sərsəng və Suqovuşan su anbarlarından sudan silah kimi istifadə olunması Azərbaycan üçün ciddi humanitar və iqtisadi problemlər yaradıb. Bu gün həmin su anbarlarının, eləcə də azad edilmiş ərazilərdə yerləşən digər hidrotexniki qurğuların bərpası ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Vasif Qafarovun sözlərinə görə, yeni Dövlət Proqramı Bakı və Sumqayıt şəhərlərini, eləcə də Abşeron rayonunu əhatə etməklə illər ərzində yığılıb qalmış problemlərin sistemli həllini hədəfləyir. Proqram çərçivəsində təxminən 30 yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin 40–45 faiz səviyyəsindən kəskin şəkildə azaldılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Deputat bildirib ki, yağış sularının idarə olunması məqsədilə Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, kanalizasiya xidmətlərinin əhatə dairəsinin 95 faizə çatdırılması və Xəzər dənizinə axıdılan kanalizasiya sularının tam təmizlənməsi paytaxtın ekoloji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Abşeron yarımadasında ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun tikilməsi isə alternativ su mənbələrinin yaradılması istiqamətində strateji yenilik kimi dəyərləndirilib.

Sonda Vasif Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Dövlət Proqramının icrasına həm dövlət qurumları, həm də ictimaiyyət tərəfindən ciddi nəzarət ediləcək. Onun sözlərinə görə, 2026–2035-ci illəri əhatə edən bu proqram Bakı və Abşeron yarımadası üçün təkcə infrastruktur sənədi deyil, eyni zamanda su təhlükəsizliyi, ekoloji balans və dayanıqlı şəhər inkişafı baxımından strateji yol xəritəsidir.

Afət ZİYADQIZI

Bu xəbəri paylaş

Oxşar xəbərlər