Norveç Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Yanne Haaland Matlary Nobel Sülh Mükafatının ABŞ Prezidenti Donald Trampa verilməsini kəskin tənqid edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Matlary bu addımı “acınacaqlı bir hərəkət” adlandırıb.
Onun sözlərinə görə, mükafatın bu şəkildə təqdim olunması Nobel Sülh Mükafatının mahiyyətinə və nüfuzuna ziddir:
“Bu, onun tərəfindən mükafata qarşı tam hörmətsizlikdir; mükafatı sadəcə təhvil vermək olmaz. O, mükafatı Trampla danışıqlarda istifadə edə biləcəyi bir əmtəə kimi təqdim etməklə komitəyə və onun əhəmiyyətinə hörmətsizlik edir”.
Qeyd edək ki, bir gün əvvəl Venesuela müxalifət lideri Maria Corina Maçado Ağ Evdə keçirilən qəbul zamanı Donald Trampa Nobel Sülh Mükafatı medalını təqdim edib. Maçado bu addımı ABŞ-nin və şəxsən Trampın Venesuela müxalifətinin mübarizəsindəki rolunun tanınması kimi qiymətləndirib.
Medalı qəbul edən Donald Tramp isə bunu “qarşılıqlı hörmətin gözəl bir jesti” adlandırıb.