“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Ander Herrera “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı danışıb. Onun sözlərinə görə, klubun bahalı transferlərinə Joze Mourinyo da, “Mançester Yunayted”də çalışdığı dövrdə diqqət çəkirdi.
Herrera bildirib ki, Mançesterdə yaşadığı vaxt dostları “Old Trafford”a bilet tapa bilmədiyi halda “Etihad” stadionuna biletlər pulsuz paylanırdı. O, “Mançester Siti”nin qazandığı uğurlara görə futbolçuları və məşqçini təqdir etdiyini, lakin klubun əməllərinin vurduğu zərərin düzəlməz olduğunu söyləyib.
İspaniyalı futbolçu hesab edir ki, cəza ciddi olmalı və presedent yaratmalıdır. Herrera “Tottenhem”in Çempionlar Liqasına vəsiqə qazana bilmədən ardıcıl üç il beşinci yeri tutduğunu xatırladıb və bunun böyük maliyyə itkisi olduğunu qeyd edib. O, qayda pozuntuları olmasaydı, Premyer Liqa çempionluğunu qazana biləcəyini də deyib.
Herrera AS-ə açıqlamasında Mourinyonu “Simpsonlar” cizgi serialına bənzədib: onun sözlərinə görə, portuqaliyalı mütəxəssisin dedikləri sonradan gerçəkləşirdi. Mourinyo həmin vaxt baş verənlərin çempionluq qazanmağa bərabər olduğunu deyir və pərdəarxasında nəsə qəribə hadisələrin baş verdiyini vurğulayırdı.
“Mançester Siti” maliyyə məlumatlarının düzgün təqdim edilməməsi, futbolçulara və məşqçilərə ödənişlər, eləcə də maliyyə nəzarəti tələblərinə əməl olunmaması ilə bağlı 115 ittihamdan 114-ü üzrə təqsirli bilinib.