Əsas məzmuna keç
Samir Qaçay oğlu Məmmədov

Samir Qaçay oğlu Məmmədov

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Mənbə: mincom.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1974-cü ildə anadan olub. Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi var.

1993–1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə, 1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator, 1998–1999-cu illərdə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer, 1999–2006-cı illərdə “Relief International”ın Azərbaycan nümayəndəliyinin direktor müavini və direktoru vəzifələrində işləyib.

2006-cı ildə Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramının idarəetmə qrupunun müdiri, 2008–2017-ci illərdə nazirlik nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi olub. 2017–2019-cu illərdə Bakı Mühəndislik Universitetində, 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb, 2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1993–1998-ci illərdə Xəzər Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə təhsil alıb, 2004–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. 2010–2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alaraq təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi əldə edib.