Azərbaycan idmançısı Vüsal Əliyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən kudo üzrə Avropa çempionatında qızıl medal qazanıb.
270 kateqoriyasında mübarizə aparan Əliyev ilk mərhələni buraxıb, sonrakı görüşlərdə İngiltərə və Litva idmançılarını məğlub edib. Finalda isə Bolqarıstanı təmsil edən erməni əsilli rəqibinə qalib gələrək çempion olub.
Bu, Əliyevin Avropa çempionatlarında ikinci qızıl medalidir. O, Azərbaycanın kudo üzrə yeganə dünya çempionudur.
İdmançı qələbəsini Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edib.
Əliyev 2023-cü ilin mayında Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında dörd döyüşün hamısında qalib gələrək qızıl medal qazanıb. Həmin ilin oktyabrında Litvanın Kaunas şəhərində təşkil olunan Avropa çempionatında da birinci yeri tutub.