Xorvatiyanın Poreç şəhərində keçiriləcək boks üzrə U-23 Avropa çempionatının püşkatma mərasimində Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadənin rəhbərliyi altında çıxış edəcək boksçulardan Məhəmmədəli Aşırəliyev və Nicat Alırzayev noyabrın 16-da, yarışın ilk günündə rinqə çıxacaqlar.
50 kq-da Bilalhəbaşi Nəzərov moldovalı Katalin Turku ilə, 55 kq-da Zidan Hümbətov italiyalı Badreddin Burauia ilə qarşılaşacaq. 60 kq-da Məhəmmədəli Aşırəliyevin rəqibi yunanıstanlı Georgios Pleas, 65 kq-da Əli Abdullayevin rəqibi isə ukraynalı Artur Kuzmenko olacaq.
70 kq-da Nicat Alırzayev belçikalı İdriss Əhməd Xlifi ilə üz-üzə gələcək. 75 kq-da Abbasqulu Şadlinski Ermənistan təmsilçisi Arşak Bablumyanla polşalı Mixal Pejxala arasındakı görüşün qalibi ilə döyüşəcək. +90 kq-da Səbuhi Əlizadənin rəqibi ermənistanlı İşxan Hovsepyandır.
Doqquz gün davam edəcək yarışın qalibləri noyabrın 24-də bəlli olacaq. Turnirdə Azərbaycanı hakim Anar Nağdıyev təmsil edəcək.
Kontekst
Noyabrın 13-də Azərbaycan millisinin U-23 Avropa çempionatında yeddi boksçu ilə iştirak edəcəyi açıqlanıb. Yarışın Poreçdə noyabrın 16-da başlayacağı və doqquz gün davam edəcəyi bildirilib.