Zeki Murat Göle “Fənərbaxça” ilə peşəkar fəaliyyətinin başa çatdığını açıqlayıb. Köməkçi məşqçi “Instagram” hesabında “Hər gözəl hekayənin bir sonu var” başlığı ilə vida mesajı paylaşıb.
Göle klubda həyatının 20 ilini keçirdiyini bildirib. O, məşqçilik fəaliyyətinə 2007-ci il fevralın 17-də “Fənərbaxça”nın futbol məktəbində başladığını, aşağı yaş qruplarından əsas komandaya qədər çalışdığını qeyd edib. Köməkçi məşqçi və müəyyən dövrlərdə texniki məsul şəxs kimi klubu təmsil etməyin həyatının ən böyük qürurlarından biri olduğunu vurğulayıb.
Göle klubun sabiq və hazırkı prezidentləri Aziz Yıldırım, Ali Koç və Sadettin Sarana, həmçinin idarə heyətinin üzvlərinə təşəkkür edib. Birgə çalışdığı baş məşqçilərə və futbolçulara da minnətdarlığını bildirib.
O, azarkeşlərə ünvanladığı mesajda 20 il ərzində həm sevinc, həm də məyusluq yaşadığını, hər şəraitdə inamı, enerjisi və motivasiyası ilə “Fənərbaxça”ya xidmət etməyə çalışdığını yazıb. Göle ayrılarkən qürur və kədər hiss etdiyini bildirərək, geridə qoyduqlarının sadəcə bir vəzifə deyil, həyatının ən dəyərli 20 ili olduğunu qeyd edib. Onun ən böyük arzusu “Fənərbaxça”nın daha çox çempionluq və uğur qazanmasıdır.