AnewZ-in məlumatına görə, Özbəkistan və Oman prezident Şavkat Mirziyoyevin 2026-cı il noyabrın 16-17-də Maska səfəri zamanı münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Səfər çərçivəsində ticarət, investisiya və nəqliyyat əlaqələrinin genişləndirilməsi planları açıqlanıb.
Mirziyoyev və Sultan Heysəm bin Tariq Al Səidin danışıqlarından sonra tərəflər öhdəliklərin icrası üçün əlaqələndirmə şurası yaratmaq və yol xəritəsi qəbul etmək barədə razılaşıblar.
Liderlərin iştirakı ilə bir sıra ikitərəfli sənədlər də mübadilə olunub. Bunlara Özbəkistanda yeni kommersiya bankının yaradılması, güzəştli ticarət sazişi, adi pasport sahibləri üçün vizasız səfərlər və gömrük sahəsində daha sıx əməkdaşlıq planları daxildir.
2026-cı ilin ilk doqquz ayında iki ölkə arasında ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 70 faizdən çox artaraq təxminən 3,3 milyon dollara çatıb. Tərəflər, həmçinin iqtisadi əlaqələri dərinləşdirmək məqsədilə 5,3 milyard dollar dəyərində mümkün ticarət və investisiya layihələri portfeli hazırlayıblar.
Özbəkistan-Oman İnvestisiya Şirkəti indiyədək ümumi dəyəri 255,7 milyon dollar olan 15 layihəni maliyyələşdirib. Tərəflər şirkətin nizamnamə kapitalını 500 milyon dollara çatdırmaq barədə razılığa gəliblər.
Səfərdən əvvəl Maskatda Özbəkistan-Oman İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında iqtisadi məsələlər müzakirə olunub. Rəsmilər ticarət, investisiya və sənaye əməkdaşlığını əhatə edən protokol imzalayıb, gömrük prosedurlarının sadələşdirilməsi, texniki maneələrin azaldılması və regional ticarət üçün Oman limanlarından daha geniş istifadə imkanlarını nəzərdən keçiriblər.
Ertəsi gün Özbəkistan-Oman Biznes Forumunda 150-dən çox işgüzar nümayəndə kənd təsərrüfatı, tekstil, maliyyə, texnologiya, tikinti və istehsal sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib. Forumun sonunda enerji, sənaye, nəqliyyat və logistika, maliyyə, kənd təsərrüfatı və texnologiya sahələrini əhatə edən əlavə əməkdaşlıq sazişləri imzalanıb.
Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması da tərəfdaşlığın əsas istiqamətlərindəndir. Özbəkistan Körfəz, Cənubi Asiya və Şərqi Afrika bazarlarına çıxışını genişləndirmək üçün Oman limanları və logistika şəbəkəsindən yararlanmağı hədəfləyir.
Hava əlaqələri də genişlənib: “Oman Air” 2026-cı ilin iyulundan Maskat və Daşkənd arasında həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirir. Bu marşrutun biznes və turizm əlaqələrini gücləndirdiyi bildirilir.
Strateji tərəfdaşlıq barədə razılaşma və milyardlarla dollarlıq layihə planlarından sonra diqqət onların icrasına yönəlir. Tərəflər öhdəlikləri real investisiyalara, daha sıx biznes əlaqələrinə və ticarətin davamlı artımına çevirməli olacaqlar.