Noyabrın 17-də Fransada dövlət sektoru işçilərinin, tələbələrin və həmkarlar ittifaqlarının iştirakı ilə ümummilli tətil və etiraz aksiyaları keçirilib. AnewZ-nin məlumatına görə, ölkə üzrə 200-dən çox nümayiş təşkil olunub, Parisdə isə böyük yürüş baş tutub.
Aylarla davam edən sosial gərginlik büdcə ilə bağlı çətin danışıqlar və 2027-ci il prezident seçkiləri ərəfəsində artan siyasi təzyiq fonunda davam edir.
İşçilər maaş və pensiyaların artırılmasını istəyir
Son aksiyalar durğun maaşlar, bahalaşma və ailə büdcələrinə artan təzyiqlə bağlı narazılığın gücləndiyini göstərir. Parisdən AnewZ müxbiri Ross Cullen bildirib ki, Fransada keçirilən son sorğuda yaşayış xərcləri vətəndaşların ən böyük narahatlığı kimi müəyyən edilib.
Nümayişçilər maaş və pensiyaların artırılmasını, eləcə də ailələrin maliyyə yükünü azaltmaq üçün vergilərin aşağı salınmasını tələb edirlər. Fransanın 5,8 milyon dövlət qulluqçusunun baza maaşını hesablamaq üçün istifadə olunan indeks göstəricisi üç ildir dondurulub.
Nəticədə, bəzi aşağı maaşlı dövlət qulluqçularının baza əməkhaqqı əlavə ödənişlər nəzərə alınmadan, ayda təxminən 1 470 avro (1 618 dollar) olan minimum əməkhaqqından aşağı düşüb. Həmkarlar ittifaqları hökumətin təkliflərinin işçilərin alıcılıq qabiliyyətini bərpa etmək üçün yetərli olmadığını bildirirlər.
Etirazlar həmkarlar ittifaqları ilə Baş nazir Sebastyan Lekornyu arasında nəticəsiz qalan danışıqlardan sonra keçirilib. Tərəflər dövlət sektorunda maaş məsələsində razılığa gələ bilməyiblər.
Hökumət sözçüsü Matye Lefevr administrasiyanın mövqeyini müdafiə edib. O, 1,3 milyondan çox dövlət qulluqçusu üçün vergilər çıxılmamış 650 avroyadək maaş artımı təklif olunduğunu, həmçinin bütün dövlət qulluqçularının minimum əməkhaqqı almasını təmin edəcək tədbirlərin nəzərdə tutulduğunu deyib.
Ümumi Əmək Konfederasiyasının (CGT) baş katibi Sofi Bine isə bu cavabı “çox az, çox gec” adlandırıb və təklif olunan artımların işçilərin narazılığının miqyasına uyğun olmadığını bildirib.
Mübahisə parlamentdəki fikir ayrılıqları və dövlət kəsirinin azaldılması təzyiqi fonunda hökumətin 2027-ci il büdcəsini yekunlaşdırmaqda çətinlik çəkdiyi vaxta təsadüf edir.
Tələbələr və məktəblilər də aksiyalara qoşulub
Tələbələr və məktəblilər sentyabrdan bəri keçirilən nümayişlərin ön sıralarında olublar. Onlar əvvəlcə kadr çatışmazlığına, məktəb binalarının pisləşən vəziyyətinə və tədris resurslarının azlığına etiraz ediblər.
Sonradan hərəkata həmkarlar ittifaqları, dövlət sektoru işçiləri və “Sarı jiletlilər” fəalları da qoşulub. Hökumət bəzi narahatlıqların aradan qaldırıldığını bildirsə də, tələbələr təhsilə daha çox investisiya qoyulmasını və öyrənmə şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Fransa Təhsil Nazirliyinin məlumatına görə, çərşənbə axşamı keçirilən tətilə milli təhsil sahəsində çalışanların 3,14 faizi, o cümlədən müəllimlərin 3,76 faizi qoşulub. Məktəblərdə dəstək işçiləri arasında bu göstərici 9,28 faiz olub.
Nantda toqquşmalar, Parisdə nəqliyyat pozuntuları yaşanıb
Əvvəlki etirazlarda, xüsusilə oktyabrın 17-də baş verən zorakılıq hallarından sonra polis nümayişlər zamanı gücləndirilmiş rejimdə xidmət aparıb. Ross Cullen-in sözlərinə görə, hakimiyyət ötən ayki iğtişaşların təkrarlanmaması üçün əhəmiyyətli sayda təhlükəsizlik qüvvəsi səfərbər edib.
Aksiyaların çoxu dinc keçsə də, qərbdəki Nant şəhərində toqquşmalar baş verib. Çevik polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Parisdə etirazçılar Nation meydanından İtaliya meydanına doğru yürüş ediblər. Metro stansiyalarının bağlanması və şəhərətrafı dəmir yolu xidmətindəki fasilələr paytaxtda nəqliyyata təsir göstərib.
Fransanın milli dəmir yolu operatoru “SNCF” regional qatarların hərəkətində pozuntular olacağı barədə xəbərdarlıq edib. Yüksəksürətli “TGV” qatarlarının isə normal hərəkət etməsi gözlənilirdi.
Fransa 2027-ci il prezident seçkilərinə yaxınlaşdıqca etirazlar hökumətin üzləşdiyi siyasi təzyiqi artırır. Hakimiyyət ictimai narazılığı azaltmaqla yanaşı, gələn ilin büdcəsi üçün parlamentdə razılıq əldə etməyə çalışır.
İfrat sağçı lider Marin Le Pen yaşayış səviyyəsi və pensiyalarla bağlı narahatlıqlardan yararlanmağa çalışıb. O, seçiləcəyi təqdirdə Prezident Emmanuel Makronun pensiya islahatını ləğv edəcəyini və pensiya yaşını aşağı salacağını vəd edib.
Hökumətlə həmkarlar ittifaqları arasında danışıqlar dayanıb. Fransada daha yüksək maaş, güclü ictimai xidmətlər və bahalaşmanın təsirlərinin azaldılması tələbləri qüvvədə qalır.