Oktyabrın 17-də baş verən zorakılıq hadisələrindən sonra səlahiyyətlilərin geniş təhlükəsizlik tədbirləri gördüyü etiraz aksiyaları, ümumilikdə, sakit keçib. Yüz minlərlə insanın qatıldığı nümayişlər son illərin ən böyük aksiyalarından biri olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Renn, Nant, Lion və Marsel kimi şəhərlərdə polis ilə nümayişçi qruplar arasında lokal toqquşmalar yaşanıb. Fransa Daxili İşlər Nazirliyi aksiyalar zamanı 448 nəfərin saxlanıldığını və ölkə üzrə 86 yanğına müdaxilə edildiyini açıqlayıb.
Tələbələri, müəllimləri, poçt işçilərini və nəqliyyat sahəsində çalışanları təmsil edən çoxsaylı həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən tətillər ictimai xidmətlərə də ciddi təsir edib. Hökumətin məlumatına əsasən, ali təhsil müəssisələrinin təxminən üçdə birində ləngimələr yaranıb, məktəb işçilərinin 13 faizi tətilə qoşulub, dəmir yolu nəqliyyatında fasilələr qeydə alınıb. Fransa Səhiyyə Nazirliyi isə tibb işçilərinin yalnız 5 faizinin tətilə dəstək verdiyini və səhiyyə xidmətlərində axsamalar olmadığını bildirib.
Fərqli qrupların qatıldığı aksiyalarda həmkarlar ittifaqları maaş və pensiyaların artırılmasını, CGT minimum əməkhaqqının 10 faiz artırılmasını, CFDT isə aylıq minimum əməkhaqqına 100 avro əlavə edilməsini tələb edir. Tələbələr təhsil büdcəsinin artırılmasını, “Sarı jiletlilər” hərəkatı isə Fransa Prezidenti Emmanuel Makronun və hökumətin istefasını istəyir. Nümayişçilər aksiyaları Yeni ilə və gələn yaz keçiriləcək prezident seçkilərinədək davam etdirməyi planlaşdırırlar.
Fransa Prezidenti Emmanuel Makron isə gənclərin tələblərinin eşidildiyini bildirərək, məktəblərdə təhsilin pozulmaması və sakitliyin qorunması çağırışını edib.