Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Təhlükəsizlik Şurasının fövqəladə iclasından əvvəl keçirdiyi mətbuat brifinqində ölkə ərazisində kütləvi iğtişaşların və qanunsuz aksiyaların qarşısının alınması üçün sərt təhlükəsizlik tədbirlərinin tətbiq olunacağını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fransa dövlət başçısı həmkarlar ittifaqlarının rəsmi müraciəti və təşkilatçılığı olmadan keçirilən bütün icazəsiz nümayişlərin qadağan olunacağını bildirib.
Prezident Makron hüquqi müstəvidə təşkil olunmayan aksiyaların dövlət təhlükəsizliyinə təhdid yaratdığını vurğulayaraq deyib:
“Qanuni təşkilatların və həmkarlar ittifaqlarının keçirmədiyi bütün icazəsiz aksiyaların mümkün olan hər yerdə dərhal qarşısını alacağıq. Şərait tələb edir ki, yaxın günlərdə kütləvi aksiyalar keçirilməsin. Nümayiş təşkil etmək istəyən rəsmi qurumlara isə prefekturalar tərəfindən müvafiq alternatif marşrutlar təklif olunacaq”.
Fransa Prezidenti bu sərt tədbirlərin iş yerlərini, mülki infrastrukturu və ictimai asayişi qorumaq məqsədi daşıdığını diqqətə çatdırıb.Hökumətin rəsmi sözçüsü Mod Brejeon (Maud Bregeon) da qərarın tamamilə “hüquqi dövlət çərçivəsində” qəbul edildiyini, prefekturaların ictimai asayiş üçün risk yaradan aksiyaları qadağan etmək səlahiyyətinə malik olduğunu müdafiə edib.
Bununla yanaşı, solçu parlamentarilər nümayişlərin məhdudlaşdırılmasını avtoritar idarəetmə metodlarına xas addım kimi qiymətləndirərək hökumətin qərarına etirazlarını bildiriblər.
Hökumətin qərarına uyğun olaraq, Luare (Loiret) prefekturası Orlean şəhərində, Rona (Rhône) prefekturası isə Lionda həftəsonu keçirilməsi planlaşdırılan bütün nümayişləri təxirə salıb. Orleanda oktyabrın 24-də sağçı “Milli Birlik” (RN) partiyasının mitinqi zamanı radikal solçu qrupların aksiya keçirmək cəhdinin toqquşmalara yol aça biləcəyi bildirilib.
Buş-dü-Ron (Bouches-du-Rhône) prefekturası da oktyabrın 24-də departament üzrə bütün kütləvi yürüşləri qadağan edib. Regionda təhlükəsizlik rejimi gücləndirilərək, gecə saatlarında qüvvədə olan qismən komendant saatının saat 23:00-dan 05:00-dək yetkinlik yaşına çatmış şəxslərə də şamil olunacağı açıqlanıb.
Fransanın ədliyyə naziri Jerald Darmanen (Gérald Darmanin) prokurorluq orqanlarına müraciət edərək, oktyabrın 17-də “Sarı jiletlilər” aksiyalarında zorakılıq, qarət və dövlət əmlakına zərər vurma faktları üzrə saxlanılan şəxslərə karşı ən ağır cəza tədbirlərinin seçilməsini tələb edib. Nazir məhkum olunan şəxslərin nümayişlərdə iştirakına qadağa qoyulması, səsvermə hüququ daxil olmaqla mülki hüquqlarının müvəqqəti dondurulması və sosial media platformalarından kənarlaşdırılması kimi əlavə sanksiyaların tətbiqini istəyib. Eyni zamanda, zorakılıqda iştirak edən xarici vətəndaşların ölkədən deportasiya olunması və Fransaya girişinə qadağa qoyulması gündəmə gətirilib.
Digər tərəfdən, Paris İnzibati Məhkəməsi paytaxt polisinin “Interfac” tələbə təşkilatının nümayişinə qoyduğu qadağanı dayandırıb. Qərardan sonra universitet tələbələri Pitié-Salpêtrière xəstəxanası ilə Bastiliya meydanı arasındakı ərazidə toplanmağa başlayıblar.
Xatırladaq ki, oktyabrın 17-də “Sarı jiletlilər” hərəkatı və tələbə təşkilatları ölkə üzrə həyat bahaçılığına və yanacaq qiymətlərinin artmasına etiraz olaraq kütləvi aksiyalar keçiriblər. Şiddətli iğtişaşlar zamanı 2 500-ə yakın şəxs saxlanılıb, 1 000-dən çox hüquq-mühafizə əməkdaşı və yanğınsöndürən yaralanıb. Təxminən 3 000 ticarət obyekti və iş yeri zərər görüb və ya yağmalanıb. Paris, Lill, Lion, Nitsa və Marsel kimi iri şəhərlərdə qismən komendant saatı rejimi tətbiq olunub.