AnewZ-in məlumatına görə, “OpenAI” NATO ilə əməkdaşlıq edərək alyansın kibermüdafiəsini gücləndirmək üçün qabaqcıl süni intellekt texnologiyalarından istifadə edir. Şirkət NATO Rabitə və İnformasiya Agentliyinə (NCIA) müttəfiq şəbəkələrini qorumağa kömək edən qabaqcıl süni intellekt kibertəhlükəsizlik modellərinə çıxış təqdim edib.
“OpenAI”nin bildirdiyinə görə, əməkdaşlıq çərçivəsində NATO ayda 300 milyardadək giriş və çıxış tokenindən istifadə edib.
“Daybreak” təşəbbüsü müdafiəçilərə alətlər təqdim edir
“OpenAI” “Daybreak” təşəbbüsü ilə qabaqcıl süni intellekt texnologiyalarını “səlahiyyətli təhlükəsizlik işləri üçün etibarlı müdafiəçilərin istifadəsinə verdiyini” bildirib.
Alətlər kibermüdafiə mütəxəssislərinə proqram təminatını yoxlamaq, şübhəli fəaliyyəti araşdırmaq, zəiflikləri müəyyənləşdirmək, eləcə də təhlükəsizlik düzəlişləri hazırlayıb sınaqdan keçirmək üçün nəzərdə tutulub.
Şirkət NATO-nun texnologiyanı erkən tətbiq etməsinin qabaqcıl süni intellektin üzv dövlətlərin azadlıq və təhlükəsizliyini qorumaq missiyasına necə dəstək verə biləcəyini göstərdiyini vurğulayıb.
Əməkdaşlıq həmçinin müttəfiq şəbəkələrinin fasiləsiz qorunmasına cavabdeh olan çoxmillətli qrupların kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarını gücləndirir. Bu işdən əldə olunan təcrübə Avropadakı və daha geniş alyansdakı müdafiəçilər üçün faydalı ola bilər.
NCIA-nın baş meneceri Dilan Braun bildirib ki, süni intellektlə işləyən kibermüdafiə modelləri kibertəhlükəsizlikdə “nəsil dəyişikliyi” yaradır: “Onlar zəifliklərin aşkarlanmasını sürətləndirir, yaranan təhdidləri maşın sürəti ilə müəyyən edir və müdafiəçilərə rəqiblərdən öndə olmağa imkan verir”.
“NATO üçün bu texnologiyalar kiberdayanıqlığımızı gücləndirir, əməliyyat üstünlüyümüzü artırır və kritik rəqəmsal infrastrukturu görünməmiş miqyasda və sürətlə qorumaq imkanımızı möhkəmləndirir”, – Braun deyib.
O, süni intellektin geniş miqyasda tətbiqinin maliyyə nəticələrini anlamağın da vacib olduğunu qeyd edib. “Tətbiqi genişləndirdikcə token sərfiyyatı, istifadə qaydaları və süni intellekt modellərinin iqtisadi əsasları barədə daha dolğun təsəvvür formalaşdıracağıq. Bu məlumat xərcləri optimallaşdırmağa, alternativ həlləri qiymətləndirməyə və satınalma ilə bağlı əsaslandırılmış qərarlar verməyə kömək edəcək”, – Braun bildirib.
“Crossed Swords” təlimində süni intellekt agentləri sınaqdan keçirilib
“OpenAI” bu il NATO-nun Kooperativ Kibermüdafiə üzrə Mükəmməllik Mərkəzinin təşkil etdiyi “Crossed Swords” kibertəliminə də töhfə verib.
Təlim çərçivəsində yeni proqram tətbiq olunub. İştirakçılar insan nəzarətini və idarəetməsini qorumaq şərtilə kiberməməliyyatlar üçün süni intellekt agentləri hazırlayıb, işə salıb və qiymətləndiriblər. Bunun üçün “OpenAI”nin “Daybreak” alətlərindən istifadə olunub.
“OpenAI”nin milli təhlükəsizlik siyasəti üzrə rəhbəri Saşa Beyker bildirib: “Demokratiyalarımızı müdafiə edənlərin tərəfində ən qabaqcıl texnologiyalar olmalıdır. NATO-nun kibermüdafiəçiləri alyansın təhlükəsizliyi üçün vacib şəbəkələri qoruyurlar”.
“Daybreak” vasitəsilə daha güclü alətləri onların istifadəsinə veririk ki, hücum edənlər zəifliklərdən yararlanmamışdan əvvəl müdafiəçilər bu zəiflikləri aşkarlayıb aradan qaldıra bilsinlər. NATO və müttəfiqlərimizlə bu işi dərinləşdirməyi, süni intellektdəki yenilikləri daha güclü kibermüdafiəyə çevirməyə kömək etməyi səbirsizliklə gözləyirik”, – Beyker deyib.
Şirkət məsuliyyətli süni intellekt tətbiqinə sadiqliyini bir daha təsdiqləyərək NATO-nun məsuliyyətli tətbiq prinsiplərinə əməl etməyə, təhlükəsiz həllər təqdim etməyə davam edəcəyini bildirib.