Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti arasında keçirilən danışıqlara münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Yuri Uşakov görüş zamanı tərəflərin ərazi məsələsi həll olunmadan uzunmüddətli nizamlanmaya ümid etməyin mümkün olmadığını vurğuladığını qeyd edib.
Onun sözlərinə görə, yanvarın 23-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçiriləcək.
Uşakov bildirib ki, təhlükəsizlik üzrə işçi qrupunda Rusiyanı Müdafiə Nazirliyinin rəhbər heyətinin nümayəndələri təmsil edəcək.
Kreml rəsmisi əlavə edib ki, görüşün əsas məqsədi ABŞ-nin Ukrayna və Avropa ölkələri ilə apardığı təmasların nəticələri barədə məlumat əldə etmək olub. Onun sözlərinə görə, Stiv Uitkoff və Cared Kuşner ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü ilə bağlı təəssüratlarını bölüşüblər.