"Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqlar formatını kifayət hesab edir və Vaşinqtonun vasitəçiliyini faydalı qiymətləndirir".
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Rusiya danışıqların əvvəlki formatda - Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə davam etdirilməsinin tərəfdarıdır. Bu baxımdan ABŞ-nin vasitəçiliyi faydalıdır",- Uşakov qeyd edib.
Onun sözlərinə görə, Moskva Avropa liderləri ilə yeni təmaslar planlaşdırmır, lakin belə danışıqlardan da imtina etmir.
"Hələlik əlavə danışıqlar nəzərdə tutulmayıb. Lakin təmaslardan imtina etmirik", - o bildirib.
Uşakov əlavə edib ki, Rusiya Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qahr Störe ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışıqlarına Avropada narazılıqla yanaşılacağını gözləmirdi. Onun sözlərinə görə, bu təmasların "Avropa üçlüyü" ilə razılaşdırıldığı güman edilirdi.
"Bu məsələdə fikir ayrılığı var. Hətta Finlandiya və Norveçin qonşuları da buna etiraz edirlər", - Uşakov vurğulayıb.
Rusiya Prezidentinin köməkçisi bildirib ki, Putin beynəlxalq telefon danışıqları zamanı həmsöhbətlərinin suallarını hər zaman nəzakətlə və ətraflı cavablandırır.
"İmkan və vaxt olduqda Putin ona ünvanlanan bütün suallara nəzakətlə və ətraflı cavab vermək üçün həmişə telefonu qaldırır", - o əlavə edib.
Qeyd edək ki, oktyabrın 27-də Vladimir Putin, Aleksandr Stubb və Yonas Qahr Störe arasında baş tutan telefon danışıqlarında Ukraynadakı müharibə və onun başa çatdırılması üçün mümkün yollar müzakirə olunub.