İsveçrə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Türkiyənin ev sahibliyi edəcəyi 31-ci Tərəflər Konfransı (COP31) ərəfəsində Ankara ilə bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində strateji əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsveçrənin Ankaradakı səfiri Giyom Bertrand Şörer (Guillaume Bertrand Scheurer) bəyanat verib.
Səfir Şörer Türkiyənin günəş və külək enerjisi sahəsində topladığı zəngin təcrübənin İsveçrənin innovativ həlləri və təmiz texnologiya imkanları ilə birləşdirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib. O qeyd edib ki, İsveçrə enerji transformasiyası, energetika şəbəkələrinin modernləşdirilməsi, saxlanc sistemləri və ağıllı texnologiyalar üzrə Ankaraya dəstək verə bilər. Eyni zamanda, Bern Türkiyənin iri bərpaolunan enerji layihələrinin icrasındakı təcrübəsindən yararlanmaqda maraqlıdır.
Bundan əlavə, Türkiyənin elektrik avadanlıqları, batareya və yaşıl enerji komponentlərinin istehsalındakı potensialı İsveçrə şirkətlərinin təchizat zəncirini şaxələndirmək baxımından mühüm imkanlar açır.
Diplomat İsveçrənin COP31 konfransında yüksək səviyyədə təmsil olunacağını açıqlayıb. Nümayəndə heyətinə Ətraf Mühit, Nəqliyyat, Enerji və Rabitə naziri Albert Rösti və İsveçrənin Ətraf Mühit üzrə səfiri Feliks Vertli (Felix Wertli) başçılıq edəcək. Danışıqlarda özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri də iştirak edəcək.
Şörer iki ölkənin elmi-tədqiqat mərkəzləri və özəl şirkətləri arasında birgə təşəbbüslərin, pilot layihələrin və texnoloji tərəfdaşlıqların artırılmasının vacibliyini vurğulayıb. COP31 platformasının hökumətlər və investorlar arasında dialoqu gücləndirəcəyi gözlənilir.