“Turan Tovuz” Misli Premyer Liqasının 11-ci turunda səfərdə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Görüşdən sonra Tovuz təmsilçisinin futbolçusu Xorxe Silva sportify.az-a müsahibə verib.
“Bu komanda ilə fəxr edirəm”
Oyun barədə danışan Silva qarşılaşmanın çətin keçdiyini deyib. Futbolçunun sözlərinə görə, komandası yaxşı müdafiə olunub və daim əks-hücumlara keçib.
“Bu komanda ilə fəxr edirəm, bu gün etdiklərimizlə qürur duyuram”, – Silva bildirib.
“Turan Tovuz”un ardıcıl ikinci qələbəsi və bundan əvvəl “Sabah”ı məğlub etməsi barədə suala cavabında futbolçu bu cür rəqiblərə qarşı qələbələrin əhəmiyyətini vurğulayıb.
“Bu cür komandalara qarşı qazanılan qələbələr bizim üçün çox vacibdir. Çünki biz də ən yaxşı komandalar arasında olduğumuzu sübut etmək istəyirik. Bu, bizim üçün çox önəmlidir”, – o qeyd edib.
Mövsümün sonunu gözləyirlər
Çempionluq mübarizəsinə qoşulmaq şansları barədə danışan Silva hər oyuna və hər günə mübarizə əzmi ilə yanaşdıqlarını söyləyib. O, mövsümün sonunda nəyə nail olacaqlarını görəcəklərini deyib.
Futbolçu komandanın hər zaman motivasiyalı olduğunu və oyunlara yüksək əhval-ruhiyyə ilə çıxdığını bildirib. “İndi isə oyundan-oyana baxacağıq”, – Silva əlavə edib.