“Qarabağ” noyabrın 6-da Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”u qəbul edəcək. “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
Oyunu Fərid Hacıyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Asiman Əzizli və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim Vüqar Həsənli olacaq. VAR hakimi Tural Qurbanov, AVAR hakimi Tərlan Talıbzadə təyin olunub. Hakim-inspektor Şahin Cəfərov, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.
Komandaların turnir cədvəlindəki mövqeyi
“Qarabağ” doqquz oyundan 19 xal toplayaraq üçüncü pillədədir. Ağdam təmsilçisi beş qələbə və dörd heç-heçə edib, məğlubiyyət almayıb. Komanda lider “Neftçi”dən iki xal geri qalır və bir oyun az keçirib. “Turan Tovuz” 10 qarşılaşmada 18 xal yığaraq dördüncü yeri tutur. Tovuzluların beş qələbəsi, üç heç-heçəsi və iki məğlubiyyəti var.
Qələbə “Qarabağ”ı ən azı “Neftçi”nin oyunu başa çatanadək turnir cədvəlinin zirvəsinə yüksəldəcək. “Turan Tovuz” isə qalib gəlsə, ikinci pilləyə qalxacaq.
Əvvəlki turda “Qarabağ” səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə edib, “Turan Tovuz” isə doğma meydanda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib.