İran ABŞ-a nüvə təklifi göndərib və danışıqların başlanması üçün Vaşinqtonun Tehran tərəfindən irəli sürülən yeddi şərti yerinə yetirməsini tələb edib. İran rəsmisi bu barədə “Reuters”ə bildirib. “AnewZ”in məlumatına görə, təklif Qətər vasitəsilə çatdırılıb.
İran və ABŞ arasındakı müharibəyə son qoymaq üçün vasitəçilərin səyləri intensivləşib. Döyüşlərin ABŞ-da keçirilən aralıq seçkilərindən sonra yenidən başlaya biləcəyi ilə bağlı narahatlıq var.
Prezident Donald Tramp çərşənbə axşamı, Respublikaçılar seçkilərdə ciddi itkilərlə üzləşdikdən sonra, hərbi əməliyyatların bərpası ehtimalını istisna etməyib. “Fox News”un məlumatına görə, Tramp İrana qarşı yeni hücum əməliyyatı keçirməyi nəzərdən keçirir. ABŞ rəsmiləri telekanala bildiriblər ki, Tramp cümə axşamı milli təhlükəsizlik komandası ilə mümkün addımları müzakirə edib.
Tehranın yeddi şərti
İranın təhlükəsizlik sahəsində yüksək vəzifəli rəsmisi Möhsün Rzayi cümə axşamı Rusiyaya səfəri zamanı ABŞ-la danışıqlardan əvvəl yerinə yetirilməli şərtlərlə bağlı Tehranın mövqeyini təkrarlayıb.
“Diplomatiya məsələsində amerikalılara yeddi şərt irəli sürmüşük. Onlar bu yeddi şərtimizi yerinə yetirməyənədək Hörmüz boğazını açmayacaq və danışıqlara başlamayacağıq”, – o deyib.
İranın tələbləri arasında ABŞ sanksiyalarının ləğvi, dondurulmuş İran aktivlərinin qaytarılması və müharibəyə görə təzminat ödənilməsi də var. Vaşinqton isə ilkin danışıqlara nüvə məsələlərinin daxil edilməsini tələb edir.
Döyüşlər Yaxın Şərqə yayılıb
ABŞ və İsrail fevralın 28-də İrana hücum edib. Tehran buna İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə zərbələrlə cavab verib.
Livan ərazisində də İranın dəstəklədiyi “Hizbullah” ilə İsrail arasında döyüşlər başlayıb. Sonradan münaqişə Yəmənə də yayılıb: İranla müttəfiq olan husilər Səudiyyə Ərəbistanında enerji obyektlərinə, hava limanlarına və digər hədəflərə hücumlar həyata keçiriblər.
Cümə axşamına keçən gecə Səudiyyə Ərəbistanının Nəcran bölgəsində Mülki Müdafiə həyəcan siqnalı verib. Qurum daha sonra təhlükənin sovuşduğunu bildirib.