“Neftçi”nin basketbolçusu Aleksa Stepanoviç FIBA Avropa Kubokunun qrup mərhələsinin beşinci turunda ən yaxşı göstəricilərə imza atan beş oyunçu sırasına daxil edilib.
Serbiyalı legioner Bakı klubunun Bolqarıstanın Plovdiv şəhərini təmsil edən “Lokomotiv”lə qarşılaşmasında 23 xal toplayıb, 9 ribaund edib və 6 məhsuldar ötürmə verib. “Neftçi” həmin oyunda 72:76 hesabı ilə uduzub.
Turun ən yaxşıları sırasına Yunanıstanın “Promiteas” klubundan Nikos Diplaros (20 xal, 14 məhsuldar ötürmə), İsveçrənin “Lions” komandasından Kori Floyd (28 xal), Rumıniyanın “Universitatya Kraiova” klubundan Ronald Polayt (20 xal, 7 ribaund, 8 məhsuldar ötürmə) və Türkiyənin “Esenler Erokspor” kollektivindən Amadu Sou (17 xal, 4 ribaund, 4 məhsuldar ötürmə) da düşüb.
Beş basketbolçunun hamısı turun ən yaxşı oyunçusu adına namizəddir. Qalib azarkeşlərin səsverməsi ilə müəyyənləşəcək.